21.05.2024, 05:50
AZ EN
21.07.2023, 09:00 221

Səyyar qəhrəman əmisinin yoluyla getdi

XƏBƏRLƏR
  • Arazov Səyyar Güloğlan oğlu 1987-ci il iyulun 21-də Gəncə şəhərində anadan olub. 1994-cü ildə İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyaya daxil olub və  2003-cü ildə oranı bitirib. 2003-2006-cı illərdə təhsilini 3 nömrəli Peşə liseyində davam etdirib. O, əmək fəaliyyətinə "Semsan" şirkətinin armatur əritmə sexində başlamışdı.  Səyyar Arazov 2006-cı ildə Naxçıvanda "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə Səyyar könüllü olaraq yollandı. İşğalda olan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Səyyar Arazov Murovdağ istiqamətindəki döyüşlərdə mərdliklə vuruşdu. İgid Vətən oğlu 2020-ci il sentyabrın 30-da Kəlbəcər uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucaldı. Uzun müddət axtarışdan sonra onun nəşi tapılaraq dekabrın 19-da Gəncə şəhərindəki Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırıldı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Səyyar Arazov ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimiz ailəli idi, iki övladı Vətənə əmanət qalıb.

Deyirlər, ot kökü üstə bitər. Səyyar da əmisi, polkovnik, Birinci Qarabağ müharibəsi qəhrəmanlarından olan Arazov Ənvər Talış oğlunun yoluyla gedərək Vətən uğrunda döyüşlərə atıldı və canını doğma torpağa, Qarabağa fəda etdi.

İndi onun adı nəinki doğmalarının, bütün Azərbaycanın fəxarət yerinə çevrilib. Çünki Şəhidlər ölməz, Vətən bölünməz!

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Şəhidim!

Mina RƏŞİD  

Oxşar xəbərlər