19.10.2024, 23:25
AZ EN
14.07.2023, 09:25 279

Bu gün şəhid Təbrizin doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsi şəhidi Cəfərov Təbriz İlqar oğlunun doğum günüdür. O, 1995-ci il iyulun 14-də Bərdə rayonunda dünyaya göz açıb. Əslən keçmiş Ağdərə rayonunun Kərəmli kəndindəndir.

Təbriz orta təhsilini Bərdə şəhərində Kəlbəcər köçkün məktəbində alıb.  2014-2016-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il avqust ayının 19-dan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri Təbriz Cəfərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Elə həmin döyüşlərdə də itkin düşüb. Uzun müddət nəşi tapılmayıb. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülüb. Nəhayət 2021-ci il aprelin 6-da igid əsgərin nəşi tapılaraq Bərdə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Təbriz Cəfərov ölümündən sonra "Vətən uğrunda" və  "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Anasının dediyinə görə, oğlunun qəlbi kövrək olsa da, xaraktercə çox sərt idi. Hamı onu təəssübkeş və mərd bir oğlan kimi tanıyırdı. Döyüş yoldaşları deyir ki, Təbriz qorxmaz döyüşçü idi.

Təbrizin ailəsində demək olar ki, hamının səhhətində müəyyən problemləri olduğundan evin bütün yükü onun mərd çiyinlərinə düşürdü. O, həm də, doğulub boya-başa çatdığı Vətənə özünü borclu sayırdı. Buna görə də gözlərini qırpmadan torpaqlarımızın azadlığı uğrunda gənc ömrünü qurban verdi.

Şəhidlər ölməz, Vətən bölünməz!

Cənnəndəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD 

Oxşar xəbərlər