Müsahibədə qeyd edilir ki, Səkinənin atası Zülfü Yusif oğlu Zeynalovun ailəsi məcburi köçkün kimi Bakı şəhərində sığınacaq tapıb. Sonradan Zülfü ali təhsil almaq məqsədilə Rusiyanın Nijni Novoqoro şəhərinə gedib və orada universitetin tarix fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra Rusiyada qalmaq qərarına gələn laçınlı gənc burada Svetlana adlı xanımla ailə qurub.
Nijni Novqorodda doğulub böyüyən Səkinə həmin şəhərdəki Lobaçevski adına Dövlət Universitetinin kimya fakültəsinin məzunudur. Uşaqlıqda şəkil çəkməyi xoşlasa da, Səkinə universitetdə kimya sahəsində tədqiqatla məşğul olub və qısa zaman ərzində elmi ictimaiyyətin diqqətini cəlb edib, kimyaçı tələbələrin Ümumrusiya müsabiqəsində dəfələrlə qalib olub.
Səkinə Zeynalova deyib: “Atam – mənim ən yaxşı dostumdur, hər şeyi onunla bölüşürəm. Ağlım kəsəndən o mənim bütün təşəbbüslərimi və hüdudsuz arzularımı dəstəkləyib. Uşaq vaxtı aktrisa olmaq istəyirdim. Atam deyirdi: “Sən aktrisa olacaqsan”. Sonra fikrimi dəyişdim ki, memar olacağam, çünki rəsm çəkməyi xoşlayırdım. Atam buna da razılaşdı. Nə zamansa həkim olmaq da istəmişəm, xatırlayıram ki, atam stomatoloq olmağı tövsiyə etmişdi. O, heç vaxt mənə öz rəyini təlqin etməyib. Mən deyən də ki, kimyaçı olmaq istəyirəm, əlbəttə, atam təəccübləndi, amma yenə də məni dəstəklədi”.
İiyirmi altı yaşlı Səkinə Azərbaycanda 3 dəfə olduğunu bildirib: “Axırınca dəfə Azərbaycana gələndə 12 yaşım vardı. Yaddaşımda çox gözəl xatirələr qalıb. Bununla bağlı Azərbaycan televiziyasına dəfələrlə açıqlamalar vermişəm. Artıq 14 il keçib. Bakı, Bulvar və Qız qalası mənim çox xoşuma gəldi. Yaxşı bilirəm ki, indi şəhər daha da gözəlləşib və baxmalı, gəzməli çox yerlər var. O da məni heyrətləndirdi ki, bu günkü inkişaf etmiş Bakıda antik əlamətlər də vardır. Biz təkcə Bakıda olmadıq, həm də kəndlərə getdik. Dolama dağ yollarını qalxmaq qorxulu olsa da, çox gözəl mənzərələr idi. Qohumların, qohum olmayan insanların mənə qarşı münasibəti məni çox sevindirdi. Ayıra bilmirdim ki, kim qohumdur, kim qohum deyil. Hamı doğmalar kimi münasibət göstərirdi. İndi mən artıq bilirəm ki, Azərbaycanda mənim böyük ailəm, məni xüsusi dəstəkləyən insanlar var. Əgər imkan olarsa, yenidən Bakıya gəlmək istəyirəm. Fikirləşirəm ki, orada kimya ilə bağlı hansısa mühazirə oxuyum. Bu çox yaxşı olardı. Həm də istəyirəm ki, kitabım Azərbaycanda da yayılsın. Bilmirəm bu mümkündür ya yox. Ancaq bu arzumdan dönmürəm».
Qeyd edək ki, Səkinə Zeynalova yaşadığı şəhərdə fəaliyyət göstərən “Qrafitt” Elmi-Tədqiqat İnstitutunda mühəndis işləməklə yanaşı, elmin populyarlaşdırılması ilə məşğul olur və “Evolyusiya” fondunun mühazirəçisidir. Onun “Zəhərlər: ətrafda və daxildə. Planetdəki ən təhlükəli maddələrin bələdçisi” (“Яды: вокруг и внутри. Путеводитель по самым опасным веществам на планете”) adlı kitabı 2021-ci ildə Rusiyada nəşr edilib və böyük maraqla qarşılanıb. Kitabdakı 120 illüstrasiya da uşaqlıqdan rəsm çəkməyi xoşlayan müəllifin özünə məxsusdur.
Müsahibənin mənbəyi:
https://media.az/society/1067859926/semya-byla-vynuzhdena-pokinut-lachyn-iz-za-voyny-intervyu-s-rossiyskim-himikom-sakinoy-zeynalovoy/?fbclid=IwAR1RxhzlWOslSZtvV4g-9axO1vtVC4UeZhn8_AjCmtmsvLvIqiqw5jO3GZE