Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan DOST Agentliyinin və DOST mərkəzlərinin sosial sahə üzrə xidmətlərin “bir pəncərə”dən, şəffaf, çevik, vətəndaş məmnunluğuna uyğun təqdim edilməsinə imkan yaratdığını bildirib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının beynəlxalq səviyyədə də yüksək dəyərləndirilərək xüsusi mükafatlara layiq görüldüyü və DOST təcrübəsinin digər ölkələrdə də tətbiqinin təşviq edildiyi, bir sıra ölkələrin bu təcrübəni tətbiq etməkdə maraqlı olduğu vurğulanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nümayəndə heyəti DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə, vahid əlaqələndirmə mərkəzi ilə tanış olub. Qonaqlar üçün DOST konsepsiyasına və son illər sosial sahədə yaradılan elektron xidmətlərə dair təqdimatlar edilib.
Sonra S.Babayev və S.H.Turinin görüşündə əmək, məşğulluq, sosial müdafiə sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Pakistan nümayəndə heyəti ilə keçirilən görüşdə iki nazirlik arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun həyata keçirilməsinə dair 2023-2024-cü illər üçün Fəaliyyət Planı imzalanıb. Sənəddə əmək və məşğulluq, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əməyin mühafizəsi, əmək, məşğulluq və sosial müdafiə sahələrində İKT-nin tətbiqi və s. istiqamətlərdə məlumat və təcrübə mübadilələrinin aparılması əksini tapıb. ("AZERTAC")