1948-ci ilin oktyabrında Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Elmi Şurasında “Molla Nəsrəddin” jurnalının nəşri tarixinə aid tədqiqlər” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb. Nazim Axundov 1948-1950-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb. 1950-ci ilin mart ayından 1952-ci ilə qədər Quba Pedaqoji İnstitutunun, 1953-1956-cı illərdə isə H.Zərdabi adına keçmiş Kirovabad Pedaqoji İnstitutunun direktoru işləyib.
1953-cü ildə Elmi-Tədqiqat Pedaqogika İnstitutunda baş elmi işçi, 1958-ci ildən isə Azərbaycan SSR Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsində çalışıb. Nazim Axundovun ilk monoqrafiyası 1959-cu ildə işıq üzü görüb.“Molla Nəsrəddin” jurnalının nəşr tarixinə həsr olunan bu qiymətli elmi əsər mətbuat tariximizin öyrənilməsində ilk sanballı tədqiqatlardan biri sayılır.
Nazim Axundovun “Azərbaycanda dövri mətbuat”, “Azərbaycan satira jurnalları”, “Azərbaycan mətbuatının ilki (“Əkinçi”-100)”, “Azərbaycan dövri mətbuatı (biblioqrafiya)”, “Hümmət” qəzetinin izahlı biblioqrafiyası”, “Sənədlərin dili ilə”, “Üzeyir Hacıbəyov” və s. kitabları mətbuat tariximizin öyrənilməsində, ətraflı tədqiqində böyük rol oynayıb. N.Axundov respublikanın görkəmli biblioqraflarından biri olub. Onun 100-dən artıq elmi-tənqidi və biblioqrafik məqalələri, broşüra və kitabları nəşr olunub. Onlardan “Molla Nəsrəddin” jurnalının nəşri tarixi” (1959), “Azərbaycan satira jurnalları” (1968) adlı monoqrafiyaları, “M.Ə. Sabir” (1959), “Cəfər Cabbarlı” (1964), “Azərbaycan dövri mətbuatı”, “Səməd Vurğun”, (1965) biblioqrafiyalarını göstərmək olar.
Mətbuat tariximizin yorulmaz tədqiqatçısı, ədəbiyyatşünas alimin S.Mümtaz adına Ədəbiyyat və İncəsənət arxivində mühafizə olunan zəngin şəxsi fondundakı sənədləri arasında mətbutımızın izahlı biblioqrafiyaları, onlarla görkəmli şəxsiyyətlərimiz barədə elmi məqalələr, Beneqsin (Paris Universitetinin professoru), Q.Xəzai (Berlin), V.Samadov, N.Məsumi (Düşənbə), O.Maltsere, İ.Oratovski, M.Hüseyn, O.Sarıvəlli, M.C.Paşayev, Ə.Şərif, Ə.Cəfərzadə, Ə.Xanbabayev və onlarla məktub da diqqəti cəlb edir.
Professor Nazim Axundov 1994-cü il martın 10-da Bakıda dünyasını dəyişib. Onun xatirəsi həmişə hörmətlə yad ediləcək!
Hazırladı: Mina RƏŞİD