Həmin müsahiblərdən biri də 30 ilə yaxın yurd həsrəti ilə yaşayan Laçın rayon sakini Əmirxan Zeynalovdur. Ə.Zeynalov Ümumilli Lider Heydər Əliyevlə görüşünü belə xatırlayır: “H.Əliyev xalqını, vətənini, elini, mədəniyyətini, tarixini sevən dahi bir şəxsiyyət idi. Ulu Öndərlə iki dəfə görüşmək, onun qarşısında çıxış etmək mənə nəsib olub. Heydər Əliyevin 1996-cı ildə Şuşa və Laçın rayonlarından olan məcburi köçkünlərlə görüşündə mən də iştirak etdim. Heydər Əliyevin bir böyüklüyü də ondan ibarətdir ki, o qarşısında çıxış edən insanın daxilini də duya bilirdi. Çıxış zamanı bildirdim ki, əgər siz 1994-cü ildə atəşkəsi dayandırmasaydınız, çoxlu analar övladlarını itirəcəkdi, yetim qalanlar çox olacaqdı. Siz dahisiniz ki, atəşkəsi dayandırıb, müqaviləni imzaladınız. İndiki kimi bu cümlə yadımdadır. Heydər Əliyev çıxışımdan sonra mənə dedi ki, siz o torpağa qayıdacaqsınız. Heydər Əliyevin dahiliyi, uzaqgörənliyi onda idi ki, o bilirdi, gələcək necə inkişaf edəcək və biz o torpağa qayıdacayıq. İndi onun ruhu şaddır. Biz artıq öz torpağımıza qayıtmışıq. Ədəbi dilimizin indiki səviyyəyə çatmasında, bu cür inkişaf etməsində də Heydər Əliyevin misilsiz rolu olub”.
Laçın rayon sakini Ulu Öndərin gənclərə göstədiyi diqqət və qayğıdan da söz açıb. Əmirxan müəllim bildirib ki, gənclərə qayğı və diqqətini heç zaman əsirgəməyən Ümummilli Liderin “Mənim üçün ən əziz nemət Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm, Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən asılıdır” sözləri müasir gənclik tərəfindən böyük sevgi və hörmətlə xatırlanır. Azərbaycan gəncləri hər zaman olduğu kimi, bu gün də müstəqil dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini uca tutur, hörmətlə yad edirlər.
Əmirxan Zeynalov qeyd edib ki, 1978-ci ildə Konstitusiyada ilk dəfə Azərbaycan dili dövlət dili elan edilib: “Bu Heydər Əliyevin xidmətidir. Cənab Prezident İlham Əliyev də sağ olsun ki, onun yolunu davam etdirir. 44 günlük Vətən müharibəsindən sonra da dedi ki, hər bir azərbaycanlı Azərbaycan dilini təmiz bilməlidir. Heydər Əliyev hər bir sahədə elə hərəkət edirdi ki, tarix boyu bizlərlə yaşayıb və bundan sonra da yaşayacaqdır. Yaşa əziz Prezidentimiz, əbədi yaşayacaqsan, ey dövlət xadimi. Nə qədər Azərbaycan xalqı var, nə qədər bu millət var, qəlbimizdə, tariximizdə əbədi yaşayacaqsan!”.
Laçın rayon sakini Allahyar İmanov isə Ulu Öndər Heydər Əliyevlə görüşünü bu cür xatırlayır: “Ulu Öndər bir dəfə gənclərlə görüşürdü, onlara öz nəsihətlərini verirdi. İlk dəfə Heydər Əliyevi orda yaxından görə bildim. Belə tədbirlər çox olub. 1982-ci ildə Cəfər Cabbarlının heykəlinin açılışı mərasimində də Ulu Öndəri gördüm. Həmin günü heç vaxt unutmaram. Orada xatirə şəkli də çəkdirmişdik indiyə qədər yadımdadır”.
A.İmanov, nə qədər tədqiqat aparılır-aparılsın, Ulu Öndərin ölkəmiz və xalqımız üçün gördüyü işləri araşdırıb başa çatdırmağın mümkün ola bilməyəcəyini də diqqətə çatdırıb: “Heydər Əliyevin ölkəmiz üçün etdikləri sonsuzdur. Ölkəmizdə iqtisadiyyatın möhkəmlənməsi, mədəniyyət sahəsinin inkişafı, sosial sahələrin dayanıqlı inkişafı və digər xidmətlərin qurulmasında Heydər Əliyevin əməyi misilsiz şəkildədir.
Allah Ulu Öndərə qəni-qəni rəhmət eləsin. Onun qurduğu, yaratdığı dövləti çox yüksək səviyyədə cənab Prezident İlham Əliyev uğurlu şəkildə inkişaf etdirir. Güclü dövlətimiz kimi, güclü ordumuz yarandı. Məhz bunun sayəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olundu. Doğma yurdumuza qayıtmaq bizə qismət oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla da ata vəsiyyətini yerinə yetirdi”.
Orxan ASLAN