O, Vətəni qorumaq, doğma yurdunu işğaldan qurtarmaq üçün rahat işindən, sevimli ailəsindən, körpə balalarından və nəhayət, həyatından keçdi. Onu səngərə, düşmənlə döyüşə aparan uşaqlıqdan qəlbinə hakim kəsilən intiqam hissi idi: ata nənəsi işğalçı ermənilərin gülləsinə tuş gəlib şəhid olmuşdu, ailəsi didərgin düşüb məcburi köçkünlüyün mərhumiyyətlərini yaşamışdı. Buna görə də Vətən müharibəsi başlananda tərəddüd etmədən könüllü olaraq orduya yazıldı...
Xəlilov Ruhin Müzəffər oğlu 13 mart 1987-ci ildə Cəbrayıl rayonunun Məzrə kəndində anadan olmuşdu. İlk təhsilini Bakıda Səbail rayonundakı 203 saylı orta məktəbdə almış, orta təhsilini Abşeron rayon 1 saylı tam orta məktəbdə başa çatdırmışdı. 2005-2009-cu illərdə Bakı Asiya Universitetinin hüquq fakültəsində ali təhsil almış, 2009-2010-cu illərdə həqiqi hərbi xidmət keçmişdi.
Vətən müharibəsi başlananda Ruhin Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi vəzifəsində çalışırdı. Birinci dərəcəli dövlət qulluqçusu, ədliyyə kapitanı idi. Ailəli və üç övlad atası idi.
Ruhin cəbhəyə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinə könüllü müraciət etdiyini ailədə heç kimə bildirməyib. Müharibənin üçüncü günü ailəsi, həyat yoldaşı ilə xudahafizləşib və cəbhəyə yola düşüb. Uzun müddət ön xəttə olduğunu, şiddətli döyüşlərdə iştirak etdiyini də gizlədib... Döyüş yolu Cəbrayıldan, Qubadlıdan keçib. 2020-ci il oktyabrın 21-də Qubadlı uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub. Ədliyyə kapitanı olsa da, orduda sıravi əsgər kimi daim irəlidə addımlayıb. Düşmən gülləsinə yaralı əsgər yoldaşını döyüş meydanından çıxararkən tuş gəlib.
Ədliyyə orqanlarının ilk şəhidi kimi adı tarixə düşən Ruhin Xəlilov Bakıda II Fəxri xiyabanda dəfn edilib. O, torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, "Qubadlının azad olunmasına görə", “Cəsur döyüşçü” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub, həmçinin Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən “Fəxri Ədliyyə İşçisi” adına layiq görülüb.
Allah rəhmət eləsin.