Bu fikirləri Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli söyləyib.
Hərbi şərhçi bildirib ki, Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünün tanıması ilə bağlı verdiyi açıqlamalarla Ermənistan-Azərbaycan şərti dövlət sərhədi istiqamətində baş verən hadisələr bir-birini inkar edir. Ermənistanın bu addımları artıq həmin ölkənin sülhün bərqərar və sabitliyin təmin olunmasındakı fəaliyyətinə kölgə salır. Ermənistan əslində açıq şəkildə “Biz sülh müqaviləsini imzalamağa hazır deyilik”, çünki sərhədin delimitasiyası, demarkasiyası, yəni sərhəd zolağının müəyyənləşdirilməsini, “Zəngəzur dəhlizinin açılmasını istəmirik” kimi fikirlərini açıq şəkildə söyləyə bilmirlər. Müxtəlif bəhanələr tapırlar. Bu bəhanələrdən ən əsası hərbi ritorikadan çıxış edərək təxribatların törədilməsi və atəşkəsin pozulmasıdır. Bütün bu addımlar Ermənistanın əsl məqsədini ortaya çıxardır.
“Hesab edirəm ki, istər Nikol Paşinyanın, istər Ermənistanın xarici işlər nazirinin, istərsə də digər məsul şəxslərinin Ermənistan-Azərbaycan münaqişəsi, sülhün bərqərar olunması ilə bağlı səsləndirdiyi müsbət fikirlər səmimi açıqlamalar deyil və reallığı əks etdirmir. Çünki bu və ya digər bir formada Ermənistan yenə də müəyyən təxribatlarını davam etdirəcək. Hətta bu günlərdə Zəngilan rayonu istiqamətində Ermənistanın kəşfiyyat-təxribat qrupunun Azərbaycan ərazisinə sızılmasına cəhd etməsi də bu faktlardan biridir. Yəni ermənilər yalnız atəşkəsi pozmurlar, həmçinin artıq Azərbaycan ərazisinə kəşfiyyatçılar, təxribatçılar göndərirlər və müxtəlif məqsədlər üçün əməliyyatlar hazırlayırlar. Sanki Rusiya ermənilərə münasibətdə artıq ikili yanaşma nümayiş etdirir. Qarabağdaki ermənilərlə fərqli davranır. Ermənistandakı ermənilərlə bir qədər soyuq davranır. Qarabağdaki qanunsuz erməni hərbi birləşmələrinin təminat-təchizat işlərinə dəstək göstərir”, - deyə Ramil Məmmədli vurğulayıb.
Onun sözlərinə görə, bu məsələyə yanaşma 2020-ci il 10 noyabr Bəyanatından başlanılmalıdır. Rusiya həmin bəyanatda əks olunan müddəaların icrasına nəzarəti üzərinə götürüb. Faktiki olaraq ora imza atmaqla Ermənistan və Azərbaycan üzərinə öhdəliklər götürüb. Çox təəssüf ki, Ermənistan ötən müddətdə bu öhdəliklərin bir hissəsini icra etməyib. Xüsusən də Bəyanatın dördüncü bəndində əks olunan, yəni erməni silahlı birləşmələrinin Rusiya sülhməramlı kontingenti əraziyə daxil olduğu zaman paralel olaraq ərazini tərk etməsinə dair müddəa hələ də icra olunmayıb. Hazırda Ermənistan Müdafiə Nazirliyinin əlahiddə ümumqoşun ordusunun bəzi hərbi hissələri Qarabağda yerləşir. Həmçinin separatçı ermənilərin, yəni Araik Arutunyan, Vitali Balasayan və digərlərinə bağlı olan qanunsuz silahlı qruplaşmalar mövcuddur. Qarabağda təxminən 15 minə yaxın erməni silahlı hərbi qruplaşmaları mövcuddur ki, bu da vəziyyəti gərginləşdirməyə yönəlib.
“Çox təəssüf ki, Rusiya sülhməramlıları bu məsələdə siyasi iradə nümayiş etdirmirlər. Rusiya atəşkəsin əldə olunması, hərbi əməliyyatların dayandırılması istiqamətində vasitəçi missiyasını həyata keçirdi. Amma erməni silahlı strukturlarının ərazidən çıxarılması prosesini icra etmədi. Əvəzində isə hətta erməni gənclərinə silahla davranmaq təlimləri keçirildi.
Düşünürəm ki, proses bu cür davam edərsə, Azərbaycan antiterror əməliyyatlarını davam etdirmək məcburiyyətində qalacaq. Məhz atəşkəsdən sonra yəni 2020-ci il noyabrın 10-dan sonra Qarabağ ərazisində və Ermənistanla həmsərhəd bölgələrdə Azərbaycan Ordusunun apardığı əməliyyatları antiterror əməliyyatı adlandırmaq olar. Bu əməliyyatlar müxtəlif miqyasda hər zaman həyata keçirilir. Sadəcə olaraq gözləntilər daha irimiqyaslı əməliyyatların həyata keçirilməsi ilə bağlıdır. Durumun belə davam etməsi əslində Qarabağda proseslərin gərgin vəziyyətdə saxlanılmasına gətirib çıxarır. Bu prosesdə vasitəçilik missiyasını üzərinə götürən tərəflər, ölkələr və təşkilatlar anlamalıdırlar ki, Qarabağda yenidən hərbi əməliyyatlar başlanıla bilər. Bunu misal olaraq bir neçə gün bundan əvvəl Ağdam istiqamətində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulmasını göstərə bilərik.
Odur ki, Rusiya və Ermənistan özündə siyasi iradə nümayiş etdirməlidir. Şimal qonşumuz bu məsələ ilə bağlı mövqeyini daha açıq bildirməlidir. Ermənistan isə öz hərbi birləşmələrini ərazidən çıxarmalıdır”, - deyə hərbi ekspert vurğulayıb. (AZƏRTAC)