“Gözəlliyi ilə insanı valeh edən, Tuğun havası çox şıltaq idi. Yağan yağışı çox keçmədi ki, parlaq günəş əvəzlədi. Dağıdılmış, yamyaşıl otlara bürünən bu ev isə Məhəmməd Cahangirzadənin ata yadigarıdır. O, evinin həyətini dolaşa-dolaşa xatirələrini yada salır, kövrək hisslər keçirirdi. Evin arxasında isə maraqlı bir xatirə ilə qarşılaşıb. 30 ildən çox müddətdə yerindən tərpədilməyən yanmış avtomobillə. Məhəmməd Cahangirzadə deyir ki, bu gördüyünüz moskoviç kombi markalı avtomobildi.Əmim o vaxt onu alandan beş gün sonra vandal ermənilər buranı işğal elədilər, bu maşını yandırdılar. Bura elə qaraj idi. Biz əmimdən təkidlə xahiş etdik ki, maşını Füzuliyə çıxarsın, heyifdi, beş gün idi almışdı. Amma heç birimizin inanmağı gəlmirdi ki, biz bu kəndi tərk etməyə məcbur olacağıq. İndi bu maşın sklet durumundadır, evimizlə bərabər bu maşını da ermənilər yandırmışdı...
Erməni vandallığından ürəkağrısı ilə danışan Məhəmməd bəy anasının əkdiyi qızılgül kolları ilə gülüstanı xatırladan o bağ da yoxdu artıq. Həyətdə hələ də bar verən ərik ağacının kal nübarından dadan Məhəmməd bəy ata-baba yurdunun yenidən qurulmasına, Qayıdışın yaxınlaşmasına sevinir: “Möhtərəm cənab Prezidentimiz Tuğ kəndində İctimai-mədəniyyət Mərkəzinin açılmasının təməlini qoydu, burada yaşayış evlərinin tikilməsinin təməli qoyuldu, mən və bütün kənd sakinləri ümidvarıq ki, tezliklə yenidən bura qayıdacağıq, bu işlər burdakı dağıdılmış evlərimiz bərpa olunacaq və inşallah biz də öz kəndimizə, doğma yurdumuza, necə ki, 30 ildir ki, arzusundaydıq, qayıdıb burda firəvan yaşayacağıq. Biz burda cavanlığımızda itirdiyimizi ümid edirik ki, bizim övladlarımız bizim əvəzimizdən yaşayışı bərpa edəcəklər, qurub-yaradacaqlar, biz də onlarla burda bu kəndin, bu təbiətin təmiz, saf havasını udacağıq.
Hazırladı: Tahirə AĞAMİRZƏ