22.11.2024, 20:55
AZ EN
26.05.2023, 10:07 298

“İstiqlal yazıları” kitabı təqdim edilib

XƏBƏRLƏR
  • Yazıçılar Birliyinin Natəvan klubunda Xalq Cümhuriyyəti dövründə çap olunmuş “Azərbaycan” qəzetinin rus dilində nəşrinin redaktoru, tanınmış jurnalist, tənqidçi, tərcüməçi və teatrşünas Xəlil İbrahimin “İstiqlal yazıları” kitabının təqdimatı keçirilib.

Əməkdar elm xadimi Tofiq Məlikli təqdim olunan kitab haqqında məlumat verib. Bildirib ki, kitabda Xəlil İbrahimin müxtəlif illərdə yayılmış məqalələri toplanıb.

Qeyd edək ki, Azərbaycan jurnalistikasının əsasını qoyanlardan olan Xəlil İbrahim 1892-ci ildə Şuşada doğulub. İbtidai təhsilini Şuşada rus-tatar məktəbində alıb. 1907-ci ildə atası vəfat etdikdən sonra ailəsi ilə Bakıya köçərək təhsilini orada davam etdirib. 1914-cü ildən ədəbi-bədii fəaliyyətə başlayıb. 1918-ci ildə “Azərbaycan” qəzetinin yaradıcılarından biri və rusca nəşrinin redaktoru olub. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və respublikada kommunist rejimi qurulduqdan sonra X.İbrahim müxtəlif vəzifələrdə çalışmaqla Azərbaycan xalqının inkişafı ilə bağlı problemlər haqqında 1923-1930-cu illərdə məqalələrlə qəzetlərdə çıxış edib. Bu illərdə o, milli teatr və mədəniyyətin inkişafı, problemləri ilə bağlı onlarla məqalə, resenziya yazıb, Azərbaycan (türk) ədəbi lüğətinin hazırlanmasında fəal iştirak edib.

Xəlil İbrahimin tərcüməçi kimi Azərbaycan ədəbiyyatı qarşısında xidmətləri böyükdür. O, Şekspirin, Şillerin, A.Tolstoyun və bir sıra başqa Avropa və rus yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib. 1937-ci ildə amansız repressiya dəhşətlərinin qurbanı olub.

Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi qeyd edib ki, X.İbrahim çox zəngin biliyə sahib insan idi. Onun dilçiliklə, Azərbaycan ədəbi dilinin qaydaları ilə bağlı yazılarını xüsusi qeyd etmək olar. 1926-cı ildə keçirilən Türkoloji Qurultayın təşəbbüskarlarından biri də X.İbrahim olub. O, həmçinin Türkiyə-Azərbaycan münasibətlərində qardaş yardımlaşmalarına dəstək verən publisistik yazılarla çıxış edən insan idi. Onun mədəniyyət problemləri ilə bağlı yazıları da xüsusi əhəmiyyət daşıyır”.

Digər çıxış edənlər də yeni çap olunmuş kitab və X.İbrahim haqqında fikirlərini bölüşüblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər