Hərbi xidməti zamanı yoldaşları arasından xüsusi qabiliyyətləri ilə seçilən Əli kəşfiyyat bölüyünə göndərilib. Əlinin maşınlarla bağlı biliyi hərbi sahədə ona gərək olub. Belə ki, o kəşfiyyat bölüyündə Ural markalı hərbi texnikanın sürücüsü kimi Vətənə xidmət edib.
2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ Müharibəsində Əli bütün bacarığı ilə iştirak edib.
2020- ci il oktyabrın 23-də Tərtər istiqamətində gedən savaşlarda qəhrəmanlıqla şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla Tovuz rayonunda torpağa tapşırılıb. Onun adına Bakının Nərimanov rayonunda yaşadığı məhəllədə bulaq inşa edilib.
Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medali ilə təltif edilib.
Atası İbrahim Qasımov bildirir ki, hərbi xidmətdə də kəşfiyyat bölüyünün sürücüsü kimi xidmət edən oğlunun uşaqlıqdan maşınlara xüsusi həvəsi olub: “Gözəl əl qabiliyyəti də vardı. Adi dəmir parçasından maraqlı şeylər düzəldirdi. Əlinə nəsə keçsə mütləq ondan nəsə hazırlayırdı. Maşınlara, maşın sürməyə çox həvəsli idi. Tərtər rayonunda cəbhə zonasında xidmət edib, orada da sürücü idi. Oğlum yanvarda hərbi xidmətini bitirib evə dönəcəkdi...”
Əli həmişə ailəsi ilə danışanda “Narahat olmayın, hər şey yaxşıdı”, deyirmiş.
Şəhid atası deyir ki, oğlu əsgərlikdə hərbi yük maşını olan “Ural” sürüb: “Sarı rəngdə maşın idi. Əsgərləri, silahları, maddi təminatları daşıyırdı. Danışanda deyirdi bu mənim “Sarı canavarım”dı. Komandirləri daim onu tərifləyirdi, bizə deyirdi Əli çox ürəklidir, hara desən qorxmadan gedir”.
Şəhid Əli Qasımov müharibənin qalibiyyət simvolu olan düşmən texnikalarını işğaldan azad olunan yerlərdən yaşayış məntəqələrimizə gətirənlərdən biri olub: “Döyüşlər zamanı ermənilərin ələ keçirilən hərbi texnikalarını mənim oğlum sürüb gətirirdi. Danışanda deyib: “Ata, televizorda baxarsız, maşından əl eləmişəm, amma yaxşı düşməyib, təkcə əlim görünür.
Bizimlə sonuncu dəfə oktyabrın 22-də danışdı, şəkil də göndərdi. Oğlum Talış kəndi uğrunda döyüşlərdə iştirak edib. Sonra danışanda dedi ki, “Ata, Talışı almışıq, ora gedirik”.
Əli Qasımov elə “Sarı canavar”ı ilə xidmət edərkən şəhid olub: “Oktyabrın 23-də bunlar “Ural”la gedəndə dostunun maşını minamyotla vurulub, dostu yaralanıb. Əli tez maşınından düşüb onun köməyinə gedib. Həmin vaxt da ikinci dəfə həmin yer vurulub, dostunu çıxararkən şəhid olub”.
İbrahim Qasımovun böyük oğlu da döyüşlərdə iştirak edib. Dövlət Sərhəd Xidmətinin kəşfiyyatçısı, leytenant Taleh Qasımov Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlının alınması uğrunda döyüşüb. Taleh cənub, qardaşı Əli şimal cəbhəsində olub. Əli şəhid olanda Taleh Qubadlıda döyüşürmüş. Həmin vaxt onu qardaşının dəfninə göndəriblər. Tovuz rayonuna gələrək Əlini dəfn etdikdən sonra yenidən döyüşlərə qatılıb. Ailənin kiçik oğlu Məhəmmədin isə 11 yaşı var.
Bu gün adı Zəfər tarixinə qanıyla yazılan Vətən Müharibəsi qəhrəmanlarından olan şəhid əsgər Əli Qasımovun doğum günüdür.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Əli balamız!
Mina RƏŞİD