Çıxışçılar bildiriblər ki, “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları”, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabları öz əhəmiyyəti və aktuallığı ilə seçilir. Kitablarda müasir dünyanın multikultural dəyərləri, Azərbaycanın mədəni müxtəlifliyi “Azərbaycançılıq” ideologiyasının formalaşması, xalqların mədəniyyət, dil, inanc, ədəbi-bədii və fəlsəfi düşüncələrində öz əksini tapır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən çap olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabından sonra “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik” qaynaqları kitabının nəşri mədəniyyətimizin və təfəkkür tərzimizin multikulturalizm aspektindən bir-birini izləməsinə şərait yaradır. Azərbaycan multikulturalizm modelinin əhəmiyyətindən danışan natiqlər bir sıra mövzular ətrafında dərin elmi-fəlsəfi araşdırmaların aparıldığını söyləyiblər. Biz qalib xalq kimi, həm də qalib ölkənin necə bir mədəniyyətə sahib olduğunu bütün dünyaya göstərməliyik. Bu bizim bütün sahələrdə gördüyümüz işlərdə öz əksini tapmalıdır.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasət hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Ümummilli Lider Heydər Əliyevin söylədiyi “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və yenə də fəxr edirəm ki, mən azərbaycanlıyam” ifadəsi bu gün hər bir ölkə vətəndaşının həyat amalına çevrilib. Fərqli mədəniyyətlərin, dinlərin nümayəndələrinə hörmətlə yanaşmaq ənənəsi, məhz Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti sayəsində dövlət siyasətimizin əsas sahələrindən birinə çevrilib. Ulu Öndərimizin əsasını qoyduğu multikulturalizm hərəkatı bu gün də Azərbaycanda müxtəlif nəsilləri, zümrələri, konfessiyaları, milli icmaları özündə birləşdirir. Ulu Öndərimizin dediyi kimi: Azərbaycanda yaşayan bütün xalqların gücü bütövlükdə Azərbaycanın gücünə çevrilir. Ölkə başçısı İlham Əliyevin 2016-cı ili Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan etməsi həmin siyasətin bariz nümunəsidir.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev öz ulu siyasi sələfinin yolunu ləyaqətlə davam etdirərək bütün dünyaya bəyan edir: “Azərbaycanda multikulturalizm dövlət siyasətidir və onun alternativi yoxdur!” Bu gün Azərbaycan özünün zəngin multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədərdir və qədim tarixə malikdir. Bir sözlə, multikultural və tolerant dəyərlər ölkəmizin mənəvi sərvətidir. Hazırda Azərbaycan dünyada bu dəyərlərin ən böyük ixracatçısına çevrilib.
Hazırladı: Tahirə AĞAMİRZƏ