Atası Əkbər Orucov: “Nemətdən danşılacaq sözlər nəyinki kitablara, dünyalara sığmaz...”
Nemət hərbi xidmətdə olduğu müddətdə də öz bilik və bacarığı, xüsusi xidməti ilə fərqlənib. 2018-ci ildən hərbi xidmətini leytenant rütbəsi ilə davam etdirib. Zabitlik kursunu bitirdikdən sonra isə Beyləqan, Ağcabədi rayonlarında yerləşən "N" saylı hərbi hissədə post komandiri vəzifəsində xidmət edib. 17 noyabr 2018-ci ildə Azərbaycan Ordusunda "Ən yaxşı motoatıcı bölük" adı uğrunda keçirilən yarışlarda yüksək nəticələr əldə etdiyinə və 3 mart 2019-cu ildə hərbi hissənin yaradılmasının 27-ci ildönümü münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə fəxri fərmanlar ilə təltif olunmuşdur.
Azərbaycan Ordusunun zabiti, leytenant Nemət Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 27-də Xocavənd döyüşləri zamanı rayon ərazisində olan “Nərgiztəpə”də döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub. Subay idi. 28 sentyabr 2020-ci ildə Goranboy rayonunun Zeyvə kəndində dəfn edilib. 15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, "İgidliyə görə" "Xocavəndin azad olunmasına görə" medalları və “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Atası Əkbər Orucov deyir ki, Nemətdən danşılacaq sözlər nəyinki kitablara, dünyalara sığmaz: “O, cəsur, qorxmaz, Vətənpərvər bir oğul idi. Onun ürəyi daim işğalda olan torpaqlarımızda idi. Uşaqlığı çox nizam keçmiş, tərbiyəsini ailə içində düzgün almış, bacı-qardaşları ilə səmimi rəftar etmiş, pəhləvan cüssəli bir oğul idi. Hərbiyə çox maraqlanırdı. Hərbiçi olmaq istəyirdi. Universisiteti bitirəndən sonra çox işlər təklif olundu, heç birini qəbul etmədi. Dedi ki, mən hərbiyə gedəcəm və sənədlərini hazırlayıb hərbiyə verdi. Zabitlik kursuna getdi və oranı bitirdikdən sonra leytenant rütbəsində ön xətdə, düşmənlə üzbəüz xidmətə başladı. Xidməti çox nizam idi. Son bir ildə pandemiya ilə əlaqədar olaraq görüşə bilmirdik.
O biri oğlum əsgərliyə gedəndə 2020-ci ilin iyulunda iki günlük icazə alıb gəlmişdi. Son görüşümüz onda oldu. Döyüş başlayanda zəng vurub danışdı bizimlə. Dedi ki, hər şey yaxşıdı, narahat olmayın. 27 sentyabrda günorta saatları idi. Nemətin şəhid xəbəri gəldi. Nemət Xocavənd uğrunda gedən döyüşlərdə qəhramancasına şəhidlik zirvəsinə ucaldı...
Ata-anaya, qardaş-bacıya çox ağır dərddir. Nə qədər ağır dərd olsa da, biz Nemətlə fəxr edir, qürur duyuruq. Oğul Vətən, torpaq, qeyrət, namus üçün doğulur. Mənim də oğlum torpaq üstündə öz əziz qanından, canından keçdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Çox şükür ki, torpaqlarımız azad olundu. Mən öz adımdan şəhid ailələrinə deyrəm ki, səbrli olsunlar, başlarını dik tutsunlar, çünki, bizim övladlarımız torpaq, qeyrət, namus üstündə şəhid olublar. Allahdan qazilərimizə şəfa diləyirəm. Allah ordumuzu qorusun!”
Anası Güləbətin Orucova oğul yoxluğundan üzülsə də, onun yoxluğuna hələ də inanmır. Deyir ki, elə bilirəm hələ də əsgərlikdə, döyüşlərdədir, qayıdacaq: “Nemətin yoxluğu bizə çox ağır oldu. Yoxluğuna inana bilmirəm. Elə bilirəm ki, xidmətdədi, nə vaxtsa gələcək. Nemət çox qorxmaz, qohumcanlı, hər kəslə mehriban, dostlu-qardaşlı bir oğul idi. Çox etibarlı dostları var, tez-tez gəlirlər, yad edirlər. Nemət Milli Qəhrəmanımız Mübariz İbrahimovdan çox danşırdı. Deyirdi ki, ay ana, bizim belə igid, qorxmaz oğullarımız şəhid olub: “Biz onların qisasın almalıyıq, belə igidlərə bənzəməliyik, oların adın uca tutmalıyıq...”
Elə Mübariz İbrahimov kimi də Qəhrəman oldu Nemət. Nemətin əşyalarını öz postundan gətirəndə cibindən Mübariz İbrahimovun şəkili cıxdı. Nə deyim ?!.Çox sözlər deyə bilmirəm. Valideyn, xüsusən də ana üçün danşmaq çox çətindi. Son nəfəsimə kimi yolunu gözləyəcəm balamın...”
Əli Orucov da fəxr edir ki, Nemət kimi Qəhraman oğulun qardaşıdır: “ Hər bir oğulun borcudu Vətəni qorumaq. Çünki analar belə igid, cəsur oğulları bu Vətən, bu torpaq üçün dünyaya gətrib. Bu Vətənə, bu torpağa qardaşımızın böyük sevgisi var idi. Torpaqlarımızın alınması üçün çox can atırdı. O günü görə bilmədi, amma çox istəyirdi ki, torpaqlarımız qayıtsın. O torpaqlarda yaşayaq oralarda yenidən kök salaq. Bir böyük qardaşı kimi həmişə nə sözü, nə problemi olardısa, mənə deyərdi, mənimlə bölüşərdi. Allah bütün şəhidlərimizə rəhmət etsin”.
Qardaşı Qismət Əlizadənin özü demişkən, qürur mənbəyi qardaşı Nemətlə çox xatirələrimi olub: “Bilmirəm hansından başlayıb, hansında bitirim. Nemət haqqında danışmaq həm kədərli, həm də qürurlandırıcıdır. Kədərləndiricidir ona görə ki, bu gün Nemət aramızda yoxdur. Dərd-sərimizi onunla bölə, onsuz sevinə bilmirik. Qürurlandırıcıdır ona görə ki, Nemət bir məqsəd, bir amal uğrunda çalışıb, ən uca məqama - şəhidlik zirvəsinə ucalıb. Vətəni, torpağı, milləti və bizlər üçün canından-qanından keçib. Nemət və bütün şəhidlərimiz, həmçinin qazilərimiz, əsgərlərimiz bizlər bu gün rahat yaşayaq deyə canlarını, qanlarını tökdülər.
Nemət hər zaman özünə şəhidlik arzu edirdi və arzusuna çatdı. Nemət mənə həm qardaş, həm dost olub. Həmçinin dostlarına da qardaş olub. Mən hər kəsə Nemət kimi həm dost, həm də qardaş arzu edirəm. Məkanın cənnət, ruhun şad olsun, cənab leytenant. Sənsiz heç nəyin mənası yoxdur. Sənsiz çox darıxırıq, qardaş”!
“Nemətlə uşaqlıqdan bir yerdə böyümüşük” fikrinin müəllifi xalası oğlu Nəriman Rzayev deyir ki, hara gedərdisə, mənə deyər, birlikdə gedər, dərd-sərimizi bölüşərdik: “... Nemət elə uşaqlıqdan fərqli biri olub. Uşaqla-uşaq, böyüklə-böyük kimi olub. Mən uşaq olanda atam rəhmətə gedib. Qardaş-bacım olmayıb. Nemətlə digər xalam uşaqları o təkliyi mənə hiss elətdirməyiblər. Necə deyərlər, düzdür, Nemət xalam oğludu, amma mənə sözün həqiqi mənasında qardaş olub. Tez-tez zəng edərdi mənə, hal-əhval tutardı. Döyüşlər başlayan günü də mənə zəng eləmişdi. Dedi ki, “inşallah, düşmənə öz yerini göstərəcik, arxayın olun”.
Əlbəttə, mənim üçün qardaş itirmək ağırdı. Nemət igid, cəsur, ağırtəbiətli və çox özünü bilən bir insan idi. Nemətdən danışmaq çox çətindi. Mən fəxr edirəm ki, Nemət kimi bir xalam oğlu, qardaşım olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bu günümüz üçün onlara borcluyuq. Mən öz adımdan şəhid valideynlərinin qarşısında baş əyib, əllərindən öpürəm”...
Xalid Usubov Nemət Orucovun komandasında xidmət etmiş əsgərlərdən biri olub. Bildirir ki, “N” saylı hərbi hissənin 2-ci taborunun 4-cü bölüyündə xidmət göstərib və komandirini yaxından tanıyıb: “Xocavəndin “Tayfun” zastavasında komandirim Orucov Nemət Əkbər oğlunun əsgəri olmuşam. Döyüşlərin ilk günü gecə saat 4-də komandir bütün şəxsi heyəti sığınacağa salaraq, özü köməkçisi ilə birlikdə bayırda qaldı.. Baş əsgər kimi məni gördüyü üçün məni də kaska-bronjletdə bayırda qalmağı və binokuldan nəzarət etməyi tapşırdı. Gecə 4-dən 6-yadək sakitçilik idi. Səhər saat 8:30-da bizim tərəfdən düşmən istiqamətində pilotsuz maket təyyarə keçdi O dəqiqə ermənilər onu vurdular. Düşmən buna çoxdan hazırmış kimi göstərdi özünü. Ona görə də qızğın döyüşlər başladı. Komandirin yanına qaçdım, o, müşahidə yerində idi. Tez mənə sığınacağa girməyi əmr etdi. Bu vaxt bizim ordu tərəfdən “qırad”lar elə atmağa başladılar ki, yer silkələnirdi. Bizdə komandir və əsgərlər bir ailə kimi idi. Qətiyyətli, ciddi, qorxmaz bir komandirin sayəsində biz salamat qaldıq. Buna səbəb, əlbəttə, leytenant Orucov Nemət Əkbər oğlu idi.
Xatırlayıram ki, hələ atəşkəs vaxtlarında da şübhəli bir şey olardısa, yaxınlaşar, baxar, bir sözlə, özünü qabağa verərdi. Komandirimlə bağlı bir xatirəni heç vaxt unutmaram. Bir dəfə biz gecə növbəsinə çıxmışdıq. Hər yan zülmət qaranlıq idi. Nələr düşünmüşəmsə, məni xəyal aparıb, sanki özümdən xəbərim yoxdur. Elə hey xəyallanır və gözlərimi uzaqlarda göz vuran, sayrışan işıqlara dikmişəm. Sən demə, bunu komandirim görürmüş. Birdən komandir, gözləmədiyim halda məndən soruşdu:
- Usubov, nə yaman uzaqlara və nəyə baxırsan?
Düzü, komandirin bu gəlişini gözləmirdim. Ona görə də çaşıb qaldım. Axı, haradan gəldi, necə gəlmişdisə, hiss etməmişdim. O, kəşfiyyatda çox olmuşdu, əziyyətlər çəkmişdi. Gecə zastavaları yoxlamaq komandir üçün adətə çevrilmişdi. Cəld özümü yığışdırıb cavab verdim:
- Heç, salamatçılıqdı, komandir, uzaqlardakı işıqlara baxırdım.
- Nə istəyirsən?
- O işıqlardan hər yerdə yanmasını istəyirəm, başqa heç nə. salamatçılıqdı komandir işıglara baxıram,- dedim.
- Bəs bilirsən mən nə istəyirəm, Usubov? - dedi
- Bəli, - dedim, - nə, komandir?!
- O işıqların Qarabağda, düşmən taptağında olan torpaqlarımızda yanmasını istəyirəm, - dedi.
- İnşallah, o da olar, komandir!, - dedim.
Bax, mənim canım komandirim belə insan idi, onu unutmaq olarmı?! Yox!”
“Əziz Dostum Nemət, haqqında danışmaq qürurdur, mənim üçün. Çünki o, bu həyata qəhraman oğul kimi gəlmişdi. Can dostum Nemətlə ilk tanışlığım, dostluğumuzun təməli 2011-ci ildən, Gəncədəki “Araz” hazırlıq kursunda oxuduğumuz vaxtlardan, lap dəqiqini desəm, kursun idman şəhərciyindən başlamışdı. Allah bundan sonrakı yolumuzu 2012-ci ildə ikimiz də Azərbaycan Texnologiya Universitetinə daxil olmaqla saldı. Dostluğumuzun möhkəm sütunları universitetdə qoyuldu. Nemet dar günün, çətin zamanın dostu idi. Allah ona hədsiz fiziki güc bəxş etmişdi. Həmçinin də saf, təmiz ürəyi var idi əziz dostumun. Gücü çatan hər bir insana köməyə əlini uzadırdı...”
Şəhid komandir Nemətin dostu Məhərli Elvinin fkirlərindən götürülmüş sitatdır bu cümlələr. Elvin daha sonra yazır ki, universitetin I kursunda oxuyurduq. Mənim pula ciddi ehtyacım oldu. Düzü, Nemətə demək istəmədim. Lakin, o, bunu eşitmişdi: “... Universtetin həyətində durmuşdum. Nemət yaxınlaşdı mənə və əlini cibimə sallıb çıxardı.
Soruşdum:
- Bu nədi belə? Neynirsən?!
- Dəymə, - dedi. - Sənə ehtiyacdı.
O, yanımda dayanmayıb, uzaqlaşdı. Arxasınca baxa-baxa qaldım.
Universiteti bitirəndən sonra mənə digər bir tələbə yoldaşımız dedi ki, Nemət özü o pulu başqa birindən borc götürüb sənə vermişdi, mən bilirdim.
Baxın, dostluqda olan sədaqətinə, səmimiyyətinə. Ona görə deyirəm ki, mənim üçün Nemət əvəzolunmaz bir dost idi. Mən bu sözləri yazanda gözlərim dolsa, qəlbim sızıldasa belə, Nemət kimi dostla qürur duyuram.
Hər zaman Vətən eşqi ilə döyünürdü ürəyi. Deyirdi ki, axı, anlamıram, biz necə burada gəzirik, torpaqlarımız işğal altında ola-ola?! Ona görə deyirdi:
- Vaxt gələcək, mən özüm torpaqlarımızın işğaldan azad edilməsində iştirak edəcəm.
Özü də hər zaman Kəlbəcər həsrəti ilə yaşayırdı. Şəkil çəkdirməklə arası yoxu idi. Deyəndə ki şəkil çəkdirək, mənə cavabı belə maraqlı olurdu: “...Elvin, mənimlə çəkdirdiyin şəkilləri saxla. Vaxt gələcək, mənimlə fəxr edəcəksən. Mən şəhid olacam. Şəkilləri paylaşıb deyərsən ki, belə bir dostum var idi mənim...”
Universiteti başa vurduq. Allahdan olan kimi, yenə yolumuz bir yerdən başladı: İkimz də 2018-ci ildə Müdafiə Nazirliyinin Zabit Hazırlıq Kursuna daxil olduq. Bu bir təsadüf ola bilməzdi. Rəbbim burdada bizi ayırmadı. İmtahanları verdik, sıraya düzülüb nəticələri gözləyirdik. Keçənlərin adları oxunurdu. Tribunada Nemətin adı çəkildi, ardından da mənim. Bir neçə qrup və ixtisas olmasına baxmayaq, əziz dostumla bir qrupa, eyni ixtisasa, eyni otağa düşdük. Nemət burda da hər kəsdən seçilirdi. Fiziki hazırlıqlarda və taktiki atışlarda hər zaman öndə olurdu. Komandirlərimizə həmişə belə deyirdi: “...mənimlə fəxr edəcəksiz ki, belə bir zabit yetişdirmişik. Əziz dostumla burdada çiyin-çiyinə əziyyətli, şərəfli yolumuzu davam etirirdik”.
...Bir gün Qaraheybət poliqonunda taktiki hazırlıq dərsində bayıra baxırdı. Orda bir yüksəklik var idi, görünüşdən dəvəyə oxşadığı üçün, “Dəvəboynu” yüksəkliyi deyilirdi. Nemət komandirimiz mayor Asiman Əliyevdən o yüksəkliyə çıxmaq üçün icazə istədi. Komandir bir az tərəddüd etdi. Bizim də xahişimizdən sonra komandir razı olub, icazə verdi. Biz durduğumuz yerdən də bir az məsafəsi var idi. Hava da çox isti idi. Əziz dostum yüksəkliyə doğru hərkətə başladı, biz də kursant yoldaşlarımızla maraqla qəhrəman Nemətə baxırdıq. Nemət o yüksəkliyə qalxdı və cibindəki üçrəngli, şəhid qanı ilə yoğrulmuş bayrağımızı həmin yüksəkliyə sancdı. Geri, yanımıza dönəndə komandirimzə yaxınlaşıb dedi:
- Komandir, vaxt gələcək, mən o bayrağı işğal altında qalan torpaqlarımızda uca zirvələrə qaldıracam!
Can dostum dediyi kimi də oldu - şəhadəti, qəhrəmanlığı dillərə dastan oldu. Ona da təəssüflənirəm ki, həmin komandirimiz mayor Asiman Əliyev də Vətən müharibəsində qəhrəmancasına döyüşüb şəhidlik zirvəsinə ucaldı.
Əziz dostumla kursu başa vurub, leytenant hərbi rütbəsi aldıqdan sonra burada yollarımız ayrılsa da, ürəyimiz daima bir idi. Təyinatımızı gözləyirdik. Nemət eləcə Allahdan diləyirdi ki, düşmən mövqeyi ilə yaxın olan ön xəttdəki hərbi hissələrin birinə düşsün. Təyinat əmrimiz oxunanda əziz dostumun Ağcabədi rayonundakı ön xətt hərbi hissələrdən birinə düşdüyü bilindi. Sevincinin həddi-hüdudu yox idi. Əziz dostumla yolumuz buradan ayrılıd, başqa istiqamətlərə düşdü...
Bir gün zəng elədi mənə və dedi:
- Dostunla fəxr elə - öz silahımla düşmənlərimizdən birini azaltdım...
Son görüşümüz 2020-ci ilin mart ayında Bakıda, zabit yoldaşımızın birinin toyunda oldu. Ayrılığlımız xoş xatirələrlə yadda qaldı. Son danışığımız isə 2020-ci il 26 sentyabrda oldu. Axşamçağı idi, mənə zəng elədi, danışdıq.
Dedi:
- Elvin, birdən qorxub-edərsən ha! Qorxma! İnşallah, səni Kəlbəcərdə gözləyəcəm. Orda görüşərik...
...Müharibədən sonra əziz dostum məni soyuq məzarında qarşıladı. Nemət dostluq nümunəsi idi. Çox vətənpərvər, qəhrəman komandir idi.
Əziz dostum, gözlərim dolsa da, qəlbim sızıldasa da, bu sözləri qürurla yazıram. Daima qəlbimdəsən: xoş xatirələrinlə yaşayıram. Bu dünyada yarımçıq qalan dosltuğumuzu, Allah qismət eləsin, əbədi dünyada davam etdirək. Sən bu dünyaya qəhrəman doğulmuşdun. Qəhrəmanlığın hər yerdə danışılır. Sənin haqqında danışmaqla bitməz. Ruhun şad olsun, əziz dostum, cənab leytenant - Nemət Orucov!”
Abbasov Elmir də Nemətin dostlarındandır. Dostluqda etibarlılığı göz önündədir. “Nemətin yoxluğu barədə danışmaq mənim üçün çox çətindi”, - deyir və əlavə edir ki, o, qorxmazlığı, xoşxasiyyətliliyi, ən əsası isə sadəliyi ilə həmişə hər yerdə seçilirdi: “...Nemətlə dostluq xatirələrindən danışmaq mənim üçün həm qürurverici, həm də çox çətindir. Həmişə bir yerdə olanda deyərdi ki, Elmir, hərbiçi olmaq, Vətənə xidmət etmək istəyirəm. Torpaqlarımızı erməni faşistlərindən azad etmək Nemətin ən boyük arzularından biri idi. Nemət məndən iki yaş boyük idi. Onunla ayrı-ayrı universitetdə oxusaq da, hər günümüz bir yerdə keçirdi. O, həm dostluqda, həm də yoldaşlıqda həddən çox qeyrətli oğul idi. Onunla çətin, acılı günlərimiz də oldu, sevincli də. Amma heç vaxt məni tək qoymadi. Universiteti bitirdikdən sonra hərbi kamisarliğa 4 dost bir günde qeydiyyatdan keçib, həkim yoxlamalarını bir yerdə keçib, bir ildə hərbi xidmətə yola düşdük. Hərbi xidməti bitirdikdən bir neçə il sonra Nemət hərbiçi kimi Vətənə xidmət etmək qərarına gəldi. Mən də bir dost, qardaş kimi “xeyirli-uğurlu olsun”, - deyib ona dəstək oldum. Xidmət illərində demək olar ki, hər gün mənimlə əlaqə saxlıyıb, hal-əhval tutardı. Nemət sadiqliyini, dostluğunu adına layiq tuturdu həmişə. Hər məzuniyyət gotürəndə bizimlə, yəni dostlarımızdan olan Sadiq, Taleh və Bəhruzla görüşməyə gələrdi. 5 dost idik. Bizi həmişə bir yerdə, yumruq kimi tutan Nemətin sədaqətliliyi idi.
...2020-ci ildə Vətən müharibəsinin ilk günlərində Nemətin şəhid olma xəbəri mənə və dostlarımza həddən artıq ağır zərbə oldu. Hələ də Nemətin şəhid olmasını qəbul edə bilmirik. Nemət barəsində xatirələrimizdən nə qədər danışsaq da, nə bir kitaba siğar, nə də dünyaya. Onun yoxluğu bizləri çox sarsıtdı. Yanımızda olmasa da, qəlbimizdə biz də ölənə qədər acılı-şirinli xatirələrində yaşayacaq. Hər bir oğlana, hər bir gəncə Nemət kimi qeyrətli, dostluğa sadiq olmağı arzu edirəm!”
Nemətin dostu Bəhruz Mikayılovun da yaddaşında o, silinməz izlər qoyub. Neməti tələbəlik illərindən, universitetin I kursunda oxuyarkən tanıyıb. Bu tanışlıq dostluğa və qardaşlığadək uzun bir yol keçib: “...Bəzən deyirlər: “indi dost yoxdu”. O andaca Neməti düşünürəm, deyirəm ki, görəsən, onun kimi igid beləsinin qarşısına çıxsaydı, yenə də bu cür düşünərdi? Nemət dostluqda çox igid, mərd, qorxmaz idi. Dost üçün nə lazim olsa, həmin anda edəcəkdi. Bəzən özümlə qürur duyuram ki, mənim Nemət kimi dostum, qardaşım olub. Çünki onun adı, şərəfi çox ucadı. Düzdür, istəməzdim belə tez itrək Neməti, amma şəhadəti ilə də o, daha uca, daha şərəfli yolda olduğun sübut etdi. Mənim üçün Nemətin xatirələrindən danşmaq həm xoşdur, bir o qədər də kədərlidir. Atalar sözü var: “Dost dar gündə tanınar”. Hər çətin gündə Nemət bizim yanımızda olardı. Bizim hər çətinliyimizi özü çalışıb yoluna qoyardı. Çalışırdıq ki, daima bir yerdə olaq, sanki belə tez ayrılıq olacağını hiss etmişdi, ancaq dostları ilə vaxt keçrmək istəyirdi. Ona görə də düşünürəm ki, elə bil şəhidlərmizin hamsı seçilmişlərdi.
Nemət doğma yurd həsrətin çox çəkirdi. Sanki orada doğulub, böyümüşdü. Yəqin ki, bu, ailədən irəli gələn bir xarakter idi ki, o ruhda böyümüşdü. Danışılacaq çox xatirələrmiz var. Biz dostlar həmişə bir yerə toplaşanda Nemətin xatirələrindən danışırıq. Mənim can qardaşım, əbədiyyət qardaşım idi. Nemətin çox gözəl insanları təhlil etmək qabiliyyəti də var idi. Onun dost kimi tanıdığı, yaxın bildiyi insanlar etibarlıdır. Hələ sağlığında bizə deyərdi: “Filankəs etbarlı, yaxşı insandı. Sanki Allah bir öncəgörücülük vermişdi Nemət qardaşımıza. Yeri behişt olsun, doğmalarına səbr diləməkdən savayı əlimizdən nə gəlir ki?”
Elnur İsmayılzadə Nemətin əsgər yoldaşı olub. Onun da qəlbində bir ağrı var - dost itkisi. Gəlin fikirləri ilə tanış olaq: “Nemət haqqında nə qədər danışsaq, çox azdır. Bir oglan ki, dost üçün bir addım belə geri atmaya, ona görə nə danışsan az olacaq. Nemət bizim həqiqətən də dəyərli qadaşımız idi. Onun haqqında ürəyimdə olanları yazıb, az da olsa, söz açmaq, danışmaq istəyirəm. İlk dəfə “N” sayli hərbi hissənin kəşfiyyat bölüyündə olub. Həm fiziki sağlamlığı, həm də təmiz ürəyi, qoçaqlığı, mərdliyi ilə diqqət çəkirdi. Daim bizlərə böyük qardaş, dəyərli bir dost kimi hər hansı bir sıxıntıda, çətinlikdə yanımızda olub. Dosta, qardaşa ürək yandıran idi. Nədənsə, Kəlbəcər deyəndə ilk ağlıma Nemət gəlir. Çünki hər dəfə hamı öz yaşadığı yerindən-yurdundan danışanda, deyirdi ki, mənim yerim-yurdum Kəlbəcərdi. Daim muğama qulaq asardı, sanki o yerlər, o dağlar üçün doğulubmuş. Hərdən öz aramızda toydan danışanda deyiridi ki, siz evlənin, gəlim sizin toyunuza, ürəklə iştirak edim. Deyəndə ki sən bizdən böyüksən, əvvəl sən evlənməlisən, qayıdıb deyirdi ki, mən hələ o fikirdə deyiləm, inşallah, qismət olsa, Kəlbəcərdə evlənib, toyumu orada edərəm.
Adətən, əsgərlikdən sonra dostlar arasında da isti münasibət sərinləyir, çünki hər kəs öz qayğıları ilə yaşamağa məcburdur. Lakin Nemət bizə hamişə dost olub: təkcə əsgərlikdə yox, hər vaxtı, onu ilk tanıdığım gündən, sonadək.
2020-ci ilin 23 sentyabrında Nemətlə telefon əlaqəsi yaradıb danışdıq. Axrıncı dəfə dedim ki, qaqam, ehtiyatl ol. Verdiyi cavabla bizi sevindirdi:
- Apreldə olduğu kimi, bu dəfə də yaxşı olacaq, darıxmayın...
Sentyabrın 27-si səhər Nemətə zəng vurdum, çatmadı. Sonra dəfələrlə yığdım, yenə də zəng çatmadı. Əsgər yoldaşımız Qardaşxanlı Toğrula zəng vurub bildirdim ki, Nemətə zəng çatmır. Dedi ki, yəqin özü söndürüb. Ancaq gecə Toğrul zəng edib o acı, qara xəbəri dedi. İnanmaq istəmədim. Çünki adam öz yaxınının yoxluğuna heç vaxt inana bilmir. Bu gün də heç inana bilmirəm Nemətin yoxluğuna. Nemətin şəhid olduğundan bir neçə gün sonra yuxuda gördüm ki, bir postdadı, orada ayrıca otağı var, oranı təmizləyir. Dedim ki, qaqa, nə əcəb otağını belə təmizləyirsən? Qayıdıb nə desə yaxşıdı: “Təmizlik imandan gəlir, belə yaxşıdı”.
Bir dəfə də yuxumda gördüm ki, onu qucaqlayıb ağlayıb deyirəm ki, sən şəhid olmusan?! O da “düzdü”, - deyəndə bir də yenidən qucaqlayıb, agladım. Səhər yuxudan oyanıb gördüm ki, yastığım göz yaşlarımdan islanıb. Çox heyif, çox. Bu həyatda insana yaxın qardaş qədər əziz olanını itirmək çox çətindir. Mən Neməti həmişə yaşadığını bilirəm. Elə o cür də biləcəm sonadək. Ürəyimdə çox sözüm var, amma bunları göz yaşları ilə yazdım. Allah özü bilir ki, Nemət bizim, Vətən üçün çox qiymətlidir.
Bu bizim sonuncu görüşümüz oldu
Nemətin dostu Sadiq Məmişov da sədaqətliliyi ilə seçilir. Fikirləri də bunu təsdiqləyir: “Nemət Orucov haqqında sözlərimi dost yox, qardaş kimi yazmaq istəyirəm. Çünki o, mənim üçün, sadəcə, dost deyildi, qardaş, sirdaş, ən çətin zamanda heç düşünmədən güvənə biləcəyim əvəzolunmaz bir insan idi. Onun haqqında xatirələrimi danışmaq, yazmaq mənim üçün çox ağırdı. Çünki bizim Nemətlə bağlı arzularımız bambaşqa idi. Dostlarımızla birgə həmişə Nemətin toyu ilə bağlı xəyallar qurardıq. Amma o, hər dəfə Kəlbəcərdə ailə quracağını deyərdi. Onunla universitet vaxtlarında tanış olmuşdum. Hər ikimizin qarabağlı olması, həmçinin xarakterimizin uyğunluğu bizi bir-birimizə daha da yaxınlaşdırırdı. Nemət hər zaman dostları, yaxınları üçün fədakarlıq etməyə çalışardı. Kimin problemi olsa, yanında gördüyü ilk insan Nemət olurdu. Sanki o, özü üçün yaşamırdı. Nemət qardaşımı hərbi xidmətə mən yola salmışdım. Əsgər getdiyi üçün o qədər sevincli idi ki... Heç nədən, heç bir çətinlikdən qorxmazdı. Vətəninə xidmət onun ən ali arzusu idi.
...Bir gün mənimlə telefonla danışanda dedi ki, sənədlərimi müddətdən artıq hərbi xidmət etmək üçün Müdafiə Nazirliyinə göndərmişəm. Məndən hara düşəcəyini soruşanda dedim ki, Beyləqana düşəcəksən. Həqiqətən də Beyləqana düşdü. Çox şükür ki, elə məhz Beyləqana düşdü. Çünki iki ilə yaxın o, bizimlə birgə yaşadı və məhz həmin müddətdəki xatirələrimiz bu gün mənə təsəlli olur.
Nemət sözün əsl mənasında bizim ailənin bir üzvü idi. O, hərbi xidmət yerini dəyişərkən ailəmiz çox kədərlənmişdi. Onun fədakarlığını mən 2020-ci ilin iyun ayının 20-də ad günüm zamanı bir daha gördüm.
Nemət çox uzaqda olmasına baxmayaraq, həmin gün qəflətən bizə gəlmişdi. O gün mənim həyatımın ən xoşbəxt ad günü olmuşdu. Ondan sonra artıq heç bir ad günüm mənə həmin günkü xoşbəxtliyimi verə bilmədi. Çünki o ad günüm mənim Nemət qardaşımla olan sonuncu ad günüm imiş. Həmin gün gecə Nemət bizimlə qaldı. Səhərə qədər demək olar ki, yatmadıq. Universitet illərindəki xatirələrimizdən danışdıq. 28 iyul 2020-ci ildə mən onun xidmət etdiyi posta getdim. Necə ki ad günümdə o gələrkən mən xoşbəxt olmuşdum, həmin vaxt Nemət qardaşım da məni görərkən çox xoşbəxt görünürdü. O, mənə işğal altında olan postları göstərib bir gün ora üçrəngli bayrağımızı sancacağını bildirdi. Həmçinin kazarmada özünün boya ilə çəkdiyi bayraq təsvirini mənə göstərdi. Sonra biz digər dostlarımızla - Bəhruz, Elmir və Talehlə telefonla danışdıq...Və bu, bizim sonuncu görüşümüz oldu.
Nemətlə sonuncu danışığımız isə 27 sentyabr 2020-ci il tarixində müharibə başlayan zaman oldu. O, mənə hər şeyin yaxşı olduğunu və nəhayət, arzusuna çatdığını dedi. Həmçinin söylədi ki, üçrəngli bayrağımızı ürəyimin üstünə qoymuşam ki, işğaldan azad olan torpaqlarımıza sancacağam.
Mənim qorxmaz dostum, cəsarətli qardaşım bu şərəfli arzusuna çatdı. Bu gün biz nə qədər kədərli olsaq da, bir o qədər də qürurluyuq. Çünki biz şəhid qardaşıyıq. Çünki biz qayıdan torpağımızın qayıtmayan oğullarından olan Orucov Nemətin qardaşıyıq, dostuyuq, sirdaşıyıq. O, həmişə bizimlədi. Ruhu hər zaman yanımızda, xatirələri qəlbimizdədir. Məkanın cənnət olsun, əbədi dostumuz. Biz səninlə fəxr edirik!”
Yoxluğuna alışa bilmirəm
Dostu Şahverdiyev Taleh Əli oğlunun yazdıqlarından bəzi sətirlər: “Əziz dostum Nemətlə biz universitet illərindən tanış olmuşuq. Baxmayaraq ki, fakültələrimiz ayrı olub. İlk dəfə bizi Bünyat adlı dostumuz tanış etdi. Həmişə mənə deyirdilər ki, bir yerlin var, dağ boydadı. Bunu eşitdikcə qürurlanırdım, onunla tanış olmaq istəyirdim. Bir gün Nemətlə üz-üzə gəldik. O, mənə əl uzatdı və tanış olduq. Beləliklə, yenə böyüklüyünü göstərib, ilk adımmı o atdı. O vaxtdan etibarən hər günümüz bir yerdə keçirdi. Onun sayəsində bir neçə dost əldə etdim. Sözün əsl mənasında indiyə qədər bir yerdəyik.
Heç vaxt unutmaram, 2017-ci ildə Rusiyada işləməyə getmişdim. Həmin illər həm mənim, həm də ailəmin maddi durumu yaxşı deyildi. Bunu bildikdə Nemət digər dostumuz Sadiqlə birlikdə mənə və ailəmə köməklik etmişdi. Heç bir zaman onun mənə və ailəmə etdiyi köməkliyi unutmayacam. Hələ də onun yoxluğuna alışa bilmirəm. Onunla keçirdiyimiz zamanlar bir film süjeti kimi gözümün qabağından keçir və mən özümü saxlaya bilmirəm, ağlayıram. Bakıya hər gəlişində nə qədər qohumları olsa belə, hər zaman ilk mənə zəng edib, bizə gedərdik, ailəmlə görüşərdi. Onların hal-əhvalı ilə maraqlanırdı. Beş dost idik, birləşdikdə yumruq olurduq (Elmir, Sadiq, Bəhruz, Nemət və mən).
Universitetdə oxuduğumuz illərdə hamı bizə həsət aparardı. Nə işimiz olsa birlikdə yoluna qoyurduq. Bizi bir arada tutan hər zaman Nemət olub. Dostluğun nə olduğunu mən onun sayəsində öyrənmişəm. Kiçik qardaşım hərbi xidmətdə olarkən Nemətin köməkliyi böyük olubdu. Onun hər zaman yanında olub. Dəfələrlə mən bilməsəm belə ona baş çəkib. Onun köməkliyi ilə qardaşım hər zaman bizimlə əlaqə saxlayardı. Uşaqdan-böyüyə hər kəsin yanında hörməti olub. Bu gün ailəliyəmsə bunun ən böyük səbəbkarı Nemətdir. Maddi durumum həmin zamanlarda çox pis olub. Nemət mənim yanımda olub, məni dəstəkləyib. O qədər gözəl və böyük ürəyə sahib idi ki... Mənə deyirdi ki, qaqa, qorxma, sən addım at, yanında olacam, narahat olma. Onun belə sözləri məni ürəkləndirdi.
Bunları danışıram, həmin anlar yadıma düşdü. Avtobusda idim. Digər dostum Elmirgildə hüzr düşmüşdü, ora gedirdik. Ehhh, unudulmayan xatirələr məni haralara apardı.
Universitetdə işləyən mühafizəçi ilə sözüm çəp düşdü. Bunu uzaqdan Nemət gördü, heç kəs onu saxlaya bilmirdi, mənə görə onunla dalaşdı. Gəncədə oxuyan vaxtı qohumgildə qalırdım. Amma çox vaxt Nemət və digər dostlarımızla Elmirgilə yığışırdıq. O qədər dostcanlı idi ki...
Əsgərliyə gedən vaxtımız idi. Yenə bizi bir yerə yığdı. Oğuzdakı evə yığışdıq. Həmin günü yatmadıq, səhərə kimi danışdıq, güldük. Uşaqlarla oyun oynayırdıq, həmişə mənimlə olurdu. Ancaq məni seçirdi, deyirdi Talehlə oluram. Hər zaman Qarabağ haqqında danışardı. Həddindən ziyadə vətənpərvər idi. Hərbi xidmətini bitirdikdən sora yenidən hərbi hissəyə zabit kimi daxil oldu. Bu gün torpaqlarımız azaddır, buna görə Nemət kimi güclü, öz torpağını sevən gənclərimizə borcluyuq. Onun haqqında çox danışmaq olar. Unudulmaz bir insan idi, həyatı sevən, ailəcanlı, ən əsas da dostcanlı biri idi. Çox istəyərdim ki, bu gün sağ olardı. Bilmirəm nə deyim, artıq çətindi mənim üçün danışmaq. Dağ kimi qardaş, dost itirmişəm.”
Nemətin daha bir əsgər yoldaşı da Ruslan Abbasovdur. Görək Nemət onun yaddaşında necə qalıb: “Orucov Nemət... Xatirələrimdə öz izini buraxmış igid oğullarımızdan biri, əsgər yoldaşım idi. Qusarın “N” saylı hərbi hissəsinə ilk gəldiyimiz günü yaxşı xatırlayıram. Bölük komandirimiz şəhid kapitan (o zamanlar baş leytenant) Əbülfəz Rəhmətov bizi otağına dəvət etdi və ilk olaraq manqalar üzrə bölgünü aparmağa başladı. Sıra kəşfiyyatçı snayper seçiminə gəldikdə tərəddüd etmədən Orucov Nemətin adı çəkildi. “Bora”, “Osv-96” kimi snayperlərlə dağlıq, dərəlik ərazilərdə hərəkət etmək üçün fiziki hazırlıq vacib hesab olunurdu ki, bu da Nemətdə yüksək səviyyədə idi.
Beləcə, qısa və bir o qədər də uzun hərbi xidmət yolumuzu günləri sayaraq geridə qoyurduq. Təlimlərdə birgə çiyin-çiyinə çalışırdıq. Həmyaşıd olmağımıza, aramızda günlər fərqinə baxmayaraq, Neməti mən hər zaman özümə böyük qardaş bilmişəm. Aramızda kiçik mübahisələr olanda belə, sonradan könül almağı bacarırdı. Zarafatından qalmırdı...
Bölüyün gərgin anları idi. Günlərin birində ən səbirli komandirlərimizdən biri hansı səbəbdənsə (xatırlamıram), bölüyə dəfələrlə həyəcan verdi: “Bölük, yat!” Bölük, qalx!”. Dərhal da silah otağından silahların təhvili prossesi... Bu dediklərim, ən azı, 7-8 dəfə təkrar oldu. Hamının səbri tükənən yerdə Nemət “Bölük, qalx!” komandasından sonra gecə geyimi ilə silah götürmə növbəsinə dayandı. Həmin anda bölüyün gərginliyi aradan qalxdı. Deyərdim ki komandirimiz də başa düşdü vəziyyəti...
Briqadanın xüsusi günlərdə keçirilən tədbirlərində də Nemət fəal iştirak edirdi. Sözü gedən tədbirlərdən birində mən “salito” ilə düşmən bayrağına boyanmış şifiri qırmalı idim ki, buna da məni bölük komandirimiz, şəhid Əbülfəz Rəhmətov ruhlandırmışdı. Nemət həmin zaman şifiri saxlayan əsgər yoldaşlarımızdan biri idi. Şifiri qırdım! Di gəl ki, bu, Nemətin hirsin soyutmadı. Görüntülər hələ də qalır. Nemət düşmən bayrağına boyanmış şifirin qalan tikələrini də dəfələrlə ayağı altda zərbə ilə xırdaladı. Əminəm ki, 27 sentyabrda da düşməni eyni vəziyyətə xışmaladı dağlar oğlu.
27 Sentyabr 2020-ci il... Silahlı qüvvələrimiz düşmən təxribatının qarşısın əks-hücumla almağa başladığı gün kimi yazıldı tarixə. Səhər saat 05:31 də paylaşdığım statusa Nemət zarafatyana reaksiya verdi. Qısa söhbətimiz oldu həmin səhər. Sonuncu mesajı 08:06-da oldu. Kaş ki, sonuncu olmazdı. Axşam düşən kimi əsgər yoldaşım Şamil zəng etdi. Saat 11 radələri idi. Tutqun səslə baş verənləri dedi. Dilim tutuldu. Bilmədim nə deyim. Günlərlə özümə gələ bilmədim. Nemət artıq aramızda yox idi. Yaddaşımda o, hər zaman dağlar oğlu olaraq qalacaq. Həmişə Kəlbəcəri görməyini arzu edirdi, təəssüf ki, olmadı. Lakin indi minlərlə el-obasından məcburi köçkün düşmüş kəlbəcərlilərin və cümlə qarabağlıların torpaqlarına geri qayıtma səbəbkarı Nemətlərdir. Ruhun şad olsun, dağlar oğlu...
Nemətin doğmaları sevinməlidir ki, onun haqqında söz açanların hər biri onu özünə qardaş, dost, sirdaş bilir və ağrı-acısına şərik çıxırlar. Belələrindən biri də əsgər yoldaşı Toğrul Qardaşxanlıdır. Deyir ki, Nemət mənə əsgər yoldaşı yox, həm də dost, qardaş olub: “... Gözəl qardaş, mərd, igid idi. Bölükdə ona “Dağlar oğlu” deyirdik. Nemət ilə yaxından tanışlığım Qusardakı “N” saylı hərbi hissəsinə, daha doğrusu, oradakı kəşfıyyat bölüyünə düşdüşyüm gündən yarandı. Çətin və sevincli günlərimiz oldu. Bu günlərdə bir-birləriməzə dayaq idik.
Vətəninə bağlı bir qardaş idi. Təlimlərimiz, tədbirlərimiz bir olub. Nemət dözümlü, səbrli bir insan idı. Yatacaq yerlərimiz bir idi. Hər gün demək olar ki, “Yat!” komandasından sonra Nemətin həmişə dinlədiyi bir musiqi var idi: "Həyati” rəqsi. Maraqlı söhbətlərımız olurdu. Təxrisdən sonra gələcək planlarımız barədə danışırdıq. 2017-ci ilin yanvar ayında hərbi hissədə kəşfıyyat bölüyünə ayrıldıq. Bir-birinin ardınca təlimlər keçirilirdi. Birinci təlim yarışı idi. Goranboydakı Ballı qayda, sonra isə Bakıda “N” saylı hərbi hissədə keçirdik.
Biz Goronboya gedəndə Nemət sevinirdi. Uzun müddətdən sonra yaşadığı yerə bir ümidlə gedirdi: ailəsin görəcəkdi. Yola düşdük. Goranboya çatanda yolda qardaşını gördüm. Biz də Nemət ilə birgə qardaşına əl edib, salamalyırdıq. Nemətin atası Əkbər dayı o vaxtlar bizim təlim mərkəzinə quzu kəsib gətirimişdi.
Nemət həmin ərəfədə zabitlik kursuna gedəcəyini demişdi. Bu barədə söhbətlər edirdik. Təxris olanda əsgər yoldaşım, dostum, qardaşım Elnur İsmayılzadə ilə məni Goranboya dəvət edir, “gəlin, sizə quzu kəsim, yeyin-için” deyirdi, qismət olmadı. Təxrisdən bir müddət sonra sənədlərini zabitlik kursuna verdi. Xidmətini zabit kimi davam etdirdi. Hər dəfə Elnurla mənə deyirdi ki, “evlənin, ailə qurun”. Özünə gəldikdə isə “hələ fikrim yoxdu, mənə baxmayın”, - deyirdi. 2020-ci ilin oktyabr ayında məzuniyyətə gələcəkdi.
Bir gün mənə yenə də dedi ki, gələrsən Goranboya, sənə vəd elədiyim qonaqlığa... Təəssüf ki, qismət olmadı. Nemətlə sonuncu danışığımız 26 sentyabr 2020-ci ildə gecə oldu. Görüntülü danışdıq, çiynində bayrağımız. “Biz hazırıq, qardaş”,-deyirdi. İşi ilə əlaqəli telefon danışığımız kəsildi. Mənə səs atdı: “özündən muğayat ol, inşallah, Qarabağda görüşərik”, - oldu son sözü.
Uca zirvədəsən, qardaş! Ruhun şad olsun, qəhrəman dostum!..”
Cəmilə Çiçək
Filologiya üzrə fəlsəfə doktoru,
Prezident mükafatçısı