Bu gün Vətən müharibəsinin qəhrəman şəhidi Surac Ədalət oğlu Sadıqovun doğum günüdür. O, 15 iyul 2001-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. 2008-2019-cu illərdə Ağalıkənd kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə yollanıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlanan II Qarabağ müharibəsində ordumuzun əsgəri kimi Surac Sadıqov da döyüşlərə qatılıb. O torpaqlarımızın azadlığı uğrunda mərdliklə vuruşaraq oktyabrın 10-da Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz 11 oktyabr 2020-ci ildə Ağalıkənd kənd qəbirstanlığında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Sadıqov Surac Ədalət oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Hazırda Ağalıkənd kəndinin küçələrindən biri – şəhidimizin yaşadığı küçə Surac Ədalət oğlu Sadıqovun adını daşıyır.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Surac balamız!
Mina RƏŞİD