09.06.2025, 06:58
AZ EN
16.05.2023, 09:34 334

Bu gün Beynəlxalq İşıq Günüdür

XƏBƏRLƏR
  • 16 May – Beynəlxalq İşıq Günüdür. Bu əlamətdar gün UNESCO tərəfindən 2017-ci ilin noyabr ayında təsis edilib. Buna səbəb 2015-ci ildə UNESCO-nun təşəbbüsü ilə Beynəlxalq işıq və işıqlandırma texnologiyaları ilinin keçirilməsi olub.

Beynəlxalq İşıq Günü – işığa, onun elm, mədəniyyət və incəsənətdə, təhsil və davamlı inkişafda, həmçinin səhiyyə, kommunikasiya və enerji kimi sahələrdə müstəsna roluna diqqəti cəlb etmək məqsədi daşıyan illik qlobal təşəbbüsdür. İşığın mövzu rəngarəngliyi cəmiyyətin müxtəlif təbəqələrinin dünyanın hər yerində UNESCO-nun elm, texnologiya, incəsənət və mədəniyyət sahəsində məqsədlərinə nail olmaq üçün keçirilən tədbirlərdə iştirak etmək imkanı yaradır.

Beynəlxalq İşıq Günü UNESCO-nun Fundamental Elmlər üzrə Beynəlxalq Proqramı çərçivəsində Rəhbər Komitə tərəfindən keçirilir.

Aksiyanın uğuru təşkilat nümayəndələrini işığın insan həyatında roluna həsr olunmuş bayramın elan olunması haqqında qətnamə qəbul etmək qərarına gətirib. Həmin il 147 ölkə işığın elmdə, mədəniyyətdə, incəsənətdə, tibbdə, həmçinin insanın gündəlik həyatında roluna həsr olunmuş 13 mindən artıq tədbir keçirib.

Bayramın tarixi isə fizik və mühəndis T.Mayman tərəfindən 1960-cı ildə dünyada ilk dəfə lazerin uğurla nümayiş etdirildiyi 16 may tarixi seçilib. Məhz müxtəlif ölkələrin, qitələrin fizika cəmiyyətləri, elmi-tədqiqat institutları və təhsil müəssisələri Beynəlxalq İşıq Günü çərçivəsində tədbirlərin təşkili və keçirilməsi, həmçinin qarşıya qoyulan vəzifələrlə bağlı məsələlərə baxılması və həll edilməsi ilə məşğul olan əlaqələndirmə şurasını yaradıblar.

Əlamətdar günə həsr olunmuş tədbirlərin keçirilməsinin məqsədləri sırasında işıq və işıq texnologiyalarının bizim gündəlik həyatımıza, həmçinin ətraf mühitə necə təsir göstərdiyi haqqında anlayış yaratmaq və məlumatlılığı artırmaq da var. Axı sutkanın qaranlıq vaxtlarında işıqla bağlı problem də mövcuddur, işıq bu vaxtlar təhlükəli, hətta bəzi fauna növləri üçün öldürücü rol oynaya bilər. Bundan başqa, tədbir əlaqələndiriciləri üçün işıq sahəsində yeni texnologiyaların yaradılması və tətbiqi yolu ilə enerji effektivliyinə nail olunması məsələsinin həlli də mühüm vəzifə kimi qarşıda durur.

İşıq texnologiyalarının sənaye və kənd təsərrüfatında, səhiyyədə, mədəniyyətdə və dizaynda əlçatan olması həyatın keyfiyyətinin yüksəldilməsinə və mədəni irsin saxlanılması və artırılmasına, ölkəmizin həyata keçirdiyi “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələrində qlobal iqlim dəyişmələrinə təsir göstərən amillərin minimum endirilməsinə, alternativ enerji mənbələrinin tətbiqinin genişləndirilməsinə, ərzaq çatışmazlığı və orqanik kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin genişləndirilməsinə imkan yaratmaqdadır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər