24.11.2024, 23:03
AZ EN
03.05.2023, 15:09 468

“İşğaldan azad edilmiş şəhər və kəndlərimiz tezliklə gülüstana çevriləcək” – Ağdam sakini

XƏBƏRLƏR
  • 44 günlük tarixi Zəfərdən dərhal sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə geniş tikinti-quruculuq işlərinə başlanması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi üçün tapşırıqlarını verdi. Digər ərazilərdə olduğu kimi, Ağdamda da genişmiqyaslı işlərə başlanıldı. Ərazilərin minalardan təmizlənməsi ilə paralel, şəhərin Baş Planı hazırladı, 100 minlik əhalisi olan Ağdamın qurulmasına start verildi. Həyata keçirilən tikinti-quruculuq işləri onu göstərir ki, azadlığına qovuşmuş Ağdama həyat yenidən qayıdır. Dövlət başçısının hər səfəri zamanı atdığı təməllər bizi müasir, inkişaf etmiş böyük Ağdama yaxınlaşdırır.

Bu fikirləri Ağdam rayon ziyalısı, Ağdam Dövlət Sosial-İqtisad Kollecinin direktoru Natiq Cavadov deyib.

Natiq Cavadov bildirib ki, Prezident İlham Əliyev bölgələrə səfərləri zamanı görülən işlərlə yerində tanış olur, tapşırıq və tövsiyələrini verir, yeni obyektlərin təməlini qoyur. Dövlətimizin başçısının səfərləri bir daha onu göstərir ki, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən hər bir layihə dövlətimizin başçısının diqqət mərkəzindədir.

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdama növbəti səfəri zamanı Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdam Muğam Mərkəzinin, 2-ci və 3-cü yaşayış məhəllələrinin, inzibati binanın təməlini qoyub, Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olublar. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərdə tikinti quruculuq işləri ilə maraqlanması və gündəlik nəzarətində saxlaması hər birimizdə əminlik yaradır ki, qısa müddətdə doğma Qarabağımız cənnətə çevriləcək. Prezidentin bu səfərləri hər bir qarabağlı tərəfindən böyük rəğbət və sevinc hissi ilə qarşılanır. Biz ağdamlılar inanırıq ki, qısa zaman kəsiyində təkcə Ağdamımız yox, işğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz gülüstana çevriləcək” – deyə Natiq Cavadov bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər