23.12.2024, 23:53
AZ EN
27.04.2023, 09:52 250

Vətən səni heç vaxt unutmayacaq!

XƏBƏRLƏR
  • İnsan qəlbən Vətənə bağlı olanda onun özü də vətənləşir. Çünki atdığı hər addımda tək özünü deyil, el-obasını, böyük Vətənini düşünür. Kiçik çavuş, Vətən Müharibəsi Şəhidi Elçin Bağırov da belə insanlardan olub. Elçinin nəinki özü, bütün ailəsi vətən sevdalısıdı... Anası təkcə onun yox, bir el anası, qəhrəmanlar anasıdı. O elə bir anadır ki, dözümü, qüruru ilə nümunədi. Deyir, oğlum Vətən uğrunda şəhid olub. Elə bir zirvədədir ki, hər kəs o zirvəyə ucala bilməz. Şəhid analarına səslənir, deyir, ağlamayın, bu Vətən müharibəsidi. Əlbəttə oğullarımız şəhid olacaq. Mənim oğlum qəhrəmandır!

Elçingil Ağdamın Sarıcalı kəndindəndirlər. Birinci Qarabağ müharibəsində Elçin 3 yaşında doğma Ağdamdan məcburi köçkün düşüb.  Atası Laçındandı. Deyib Laçına kimi vuruşacam və o torpaqdan gətirib Ulu Öndər Heydər Əliyevin məzarına səpəcəm. Elçin Laçına qədər gedib çatmasa da, Vətən müharibəsində Murovdağ kimi bir çox yerlərdə öz qəhrəmanlığı, qanıyla tarix yazdı.

İndi nəinki ailəsi, bütün Azərbaycan onunla fəxr edir. Adı çəkiləndə ürəklər dağa dönür. Bu gün o dağ vüqarlı Vətən övladının - Şəhid Elçin Fərhad oğlu Bağırovun doğum günüdür. O, 1989-cu il aprelin 27-də Ağdam rayonunun Sarıcalı kəndində anadan olub.1995-2006-ci illərdə orta təhsil alanda Bakı şəhərində fəaliyyət göstərən Ağdam rayon uşaq musiqi məktəbində də musiqi təhsili alıb.
Elçin Bağırov 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Elçin Bağırov 2020-ci il sentyabrın 27-də başlanan Ordumuzun Zəfər yürüşünə qoşularaq  Murovdağ istiqamətində, həmçinin Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə iştirak edib. Döyüşdüyü ilk günlərdə ayağından yaralansa da, geri qayıtmayıb öz köynəyi ilə yarasını bağlayaraq döyüş yoluna davam edib.

Elçin qanlı savaşlarda komandir və gizir yoldaşı ilə birlikdə 45-ə yaxın düşmən əsgərini məhv edib.

İgid döyüşçümüz oktyabrın 1-də qızğın döyüşlərdə qəhrəmanlıqla şəhadətə ucalıb. Onun nəşi 80 gündən sonra tapılaraq dogma Vətən torpağında dəfn edilib.
Özü 3 yaşında atasını itirən şəhidimizin indi 4 övladı Vətənə əmanətdir.

Cənnətdəki doğum günün mübarək! Səni bu Vətən heç vaxt unutmayacaq, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər