Qubadlı rayonunun Tarovlu kənd sakini Gülxanım İldırımova illərlə həsrətini çəkdiyi, yuxularında gördüyü doğma kəndlərinə çatanda torpağa əyildi, onu qoxladı, üzünə-gözünə sürtdü... Sonra evlərinin yerində qalan uçuq hasarı qucaqlayıb hönkürdü...
İşğal olunmuş digər kəndlərimiz kimi Qubadlının Tarovlu kəndi də görünüşü ilə erməni vandalizmini nümayiş etdirir. Kəndin qəbristanlığı yerlə-yeksan edilib. Qəbirlər dağıdılıb və talan edilib. Doğmalarımızın nəşini qəbirdən çıxararaq qızıl dişlərini vəhşicəsinə götürüblər. Gülxanım nənənin də atasının qəbri dağıdılmış, talan edilmiş bir vəziyyətdə idi...
Tarovlu kənd sakini Habil İldırımov uçuq qəbri göstərərək deyir ki, babam rəhmətlik İdris müəllimin qəbridir. Məktəb direktoru idi. Onun da dişlərini belə vəhşiliklə qəbrini dağıdaraq götürüblər.
Kəndinə qovuşan Gülxanım nənə göz yaşlarını silib yenə şükür edir bu günə ki, quruca torpaq qalsa belə Vətənin əvəzi yoxdur...
“Bizim yurdumuza, evimizə xoş gəlmisiniz. Mən indi elə sevinirəm, elə bilirəm hamı mənimlə birgə sevinir...”
Sonra Gülxanım nənə qızına işarə edir, deyir ki, kənddən çıxanda 16 yaşı vardı. İndi 46 yaşında qayıdıb.
Sakinlər əllərini uzadıb məktəbi göstərirlər. Ancaq məktəbdən də əsər-əlamət yoxdur, yerində uçub tökülmüş alçaq hasarlar qalıb.
Doğma kənddə hər kəs öz uşaqlığını, burada illərlə keçirdiyi gözəl günlərini xatırlayır. Dil susanda gözlərdəki həyəcan, üzlərdə bəzən kədər, bəzən də təbəssüm danışırdı...
İldırımovlar doğma kəndlərində bir ailə kimi yenə əvvəlkitək eyni ocaq başına toplanırlar. Yenə ocaq çatılır, qazan qaynayır, aş süzülür. Böyük samovar qaynadılır. Doğma torpağa xalı-xalça döşənir...
Gülxanım nənə isə elə hey dönə-dönə deyir: - “Bu günə şükürlər olsun, qayıtdıq gəldik evimizə-eşiyimizə...”
Qoy doğma torpaqlarımızda ocağımız yansın, qazanımız qaynasın həmişə!
Hazırladı: Mina RƏŞİD