“Gəncə iş adamları” İctimai Birliyinin nümayəndələri aprelin 21-də Ağdam Sənaye Parkında olublar.
İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib ki, əvvəlcə sahibkarlar Ağdam Sənaye Parkının 1,3 hektar ərazisində salınmış mobil tipli şəhərciklə və burada işçilər üçün yaradılan şəraitlə tanış olublar. İş adamlarına İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyindəki Ağdam Sənaye Parkı haqqında, burada görülmüş işlər barədə məlumat verilib. Bildirilib ki, Qarabağın dirçəldilməsi və bölgənin sənaye potensialının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 may tarixli Fərmanı ilə 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və sair təşkili müəyyənləşdirilib. Hazırda Ağdam Sənaye Parkında 6 rezident qeydiyyata alınıb. Rezidentlər fəaliyyətə başlayanadək Sənaye Parkında bütün lazımi şərait yaradılacaq.
Sonra əməkdaşlıq imkanları müzakirə olunub və sahibkarlar Ağdam Sənaye Parkında yaradılan əlverişli investisiya mühitindən yararlanmağa dəvət edilib. (AZƏRTAC)