Səftər Vəliyev bildirib ki, yeni dəyişikliyə əsasən işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azad edilmişdir. Bundan başqa, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən siyahısı təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mallar üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialın idxalı 2023-cü il yanvarın1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilmişdir. Eyni zamanda işğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının divident gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilmişdir.
Yeni dəyişikliklər azad edilmiş ərazilərə səfər edən insanları da əhatə edəcək. Belə ki, əhali həmin ərazilərdə mehmanxana tipli obyektlərdə qalmaqda maraqlı olacaq. Çünki ƏDV geri al kampaniyasından daha çox vəsait əldə edəcəklər. Bu isə azad edilmiş rayonlarda turizmin inkişafına xüsusi dəstək olacq.
Əvvəlki ilin qaydalarına əsasən, qaytarılan ƏDV məbləği nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15 faizini, nağd ödənişlərdə isə 10 faizini təşkil edirdisə, artıq bu ildən etibarən nağdsız qaydada alış-veriş edən zaman ödənilmiş ƏDV-nin 17,5 faizi, nağd formada ödəniş edən zaman ödənilmiş ƏDV-nin 5 faizi geri qaytarılacaqdır. Bundan başqa, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalar tərfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılacaqdır.
Araşdırmalar göstərir ki, ƏDV geri al kampaniyasına maraq ildən-ilə artır. Dövlət Vergi xidmətindən verilən məlumata görə, 2020-ci ilin 1 sentyabr tarixinə qədər ƏDV geri al üzrə 305 milyon manatdan çox vəsait qaytarılıb. Halbuki 2021-ci ilin müvafiq dövründə qaytarılan vəsait 120 milyona yaxın idi. Yəni 2020-ci ilin may ayında fəaliyyətə başlamış bu xidmət 2022-ci ildə daha məşhurlaşıb və iqtisadiyyatın ağardılmasına daha çox dəstək verib. Sözsüz ki, nağdsız ödənişlər zamanı geri qaytarılan vəsaitlərin artırılması əhali arasında ƏDV geri al kampaniyasını daha da məşhurlaşdıracaq. Bu isə öz nəticəsində dövriyyələrin ağardılmasına daha böyük töhfə verəcək.
Hazırladı: Tahirə AĞAMİRZƏ