22.11.2024, 03:39
AZ EN
29.12.2022, 12:35 316

Dövlət Xidməti istehlakçıları bayramqabağı diqqətli olmağa çağırır

XƏBƏRLƏR
  • Bayramqabağı əhalinin istehlak səbətində əsas yer tutan məhsullara tələbatın artması fonunda qiymət manipulyasiyalarına yol verilməməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinə müraciət edib.

Dövlət Xidmətindən bildirilib ki, sahibkarlıq subyektləri təklif etdikləri mal və xidmətlərin qiymətləri barədə istehlakçılara dəqiq və düzgün məlumat verməlidirlər. Satışda olan bütün malların üzərində malın adı, növü, qiyməti və doldurulma tarixi göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı olmalıdır. Məhsulun satış qiyməti məhz üzərində (piştaxta və ya vitrinlərdə) göstərilən qiymət olduğundan istehlakçılarla hesablaşmalar həmin qiymətə uyğun aparılmalıdır. Ödəniş edərkən istehlakçıdan məhsulun üzərində göstərilən qiymətdən fərqli qiymətlə ödənişin tələb edilməsi istehlakçıların hüquqlarının pozulmasıdır. Bununla əlaqədar İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyət tədbiri nəzərdə tutulub. Mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə inzibati qaydada cərimə edilir.

Dövlət Xidməti bayramqabağı alış-verişin daha da artacağını nəzərə alaraq, istehlakçılara diqqətli olmağı, sahibkarlara isə belə hallara yol verməməyi tövsiyə edir. İstehlakçılar malların üzərində göstərilən qiymətdən fərqli qiymətə satılması, eləcə də digər qanun pozuntusu halları ilə rastlaşdıqda 195-1 Çağrı mərkəzi, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt (office@competition.gov.az) vasitəsilə Dövlət Xidmətinə müraciət edə bilərlər.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR