23.01.2026, 15:49
AZ EN
23.01.2026, 13:35 146

Ermənistanda Azərbaycan benzini 1. 93 AZN-ə, dizel isə 1,84 AZN-ə satılır

XƏBƏRLƏR
  • Azərbaycanın Ermənistanda neft və neft məhsulları göndərməsindən sonra bu ölkənin avtomobil yanacağı qiymətində əhəmiyyətli dərəcədə ucuzlaşma müşahidə olunur.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib. Ölkədə yanacaq qiymətlərinin ucuzlaşması barədə jurnalistlərin suallarını cavablandıran nazir həmin açıqlamasından sonra Ermənistanda benzin və dizel yanacağının qiymətləri barədə ən son rəqəmləri özünün sosial şəbəkə hesabında paylaşıb.

Gevorq Papoyanın təqdim etdiyi statistikaya əsasən, dekabr ayından bəri benzinin qiyməti 510 dramdan (2.29 AZN) 430 drama (1,93 AZN), dizelin qiyməti isə 480 dramdan (2.15 AZN) 410 drama (1,84 AZN) düşüb. Erməni nazir onu da vurğulayıb ki, Azərbaycan neft məhsullarını alan əsas yanacaqdoldurma məntəqələrindən biri yaxın günlərdə həmin yanacağı endirimli qiymətə satmağa başlayacaq.

Xatırladaq ki, ötən ilin dekabrında Ermənistan onilliklər ərzində ilk dəfə Azərbaycan benzini alıb. Tranzit olaraq Gürcüstan ərazisindən 1 200 ton neft məhsulları daşınıb. Yanvarın əvvəlində isə Azərbaycandan Ermənistana yeni partiya – 6 100 ton benzin və 1 500 ton dizel yanacağı göndərilib.

Ermənistanın Bazar Nəzarəti Müfəttişliyinin rəisi Armen Kotolyan bildirib ki, paytaxt İrəvan da daxil olmaqla ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində aparılan yoxlamalar zamanı bir sıra qanun pozuntuları aşkar edilsə də, Azərbaycandan gətirilən benzin normativ tələblərə tam uyğundur. Onun sözlərinə görə, yanacaq nümunələri Ermənistanın Milli Standartlaşdırma və Metrologiya Mərkəzində laboratoriya müayinəsindən keçirilib. Nəticələr göstərib ki, Azərbaycanın idxal etdiyi neft və neft məhsullarında də heç bir qanunsuzluq aşkarlanmayıb: "Benzin və dizel yanacağının da keyfiyyəti Avrasiya İqtisadi Birliyinin texniki tələblərinə tam uyğundur".

Elxan SALAHOV

Oxşar xəbərlər