Daha bir Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) işğaldan azad edilmiş ərazilərdə invesisiya layihəsi həyata keçirmək üçün rəsmi qeydiyyatdan keçib. Söhbət Cəbrayıl rayonunda fəaliyyət göstərəcək “ZF Group” MMC-dən gedir.
"Vətən səsi" xəbər verir ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “ZF Group” MMC rezident statusu alıb. Bununla da həmin Sənaye Parkının rezidenti olan şirkətlərin sayı 7-yə çatdırılıb. Adı çəkilən şirkət tərəfindən sənaye parkının ərazisində müxtəlif çeşiddə yapışqan lentlərin istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 1 milyon manat olan müəssisədə 32 nəfər daimi işlə təmin olunacaq.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə hazırda iki Sənaye Parkı fəaliyyət göstərir. Bunlardan biri 2021-ci ilin mayında yaradılmış Ağdam Sənaye Parkı, digəri isə həmin ilin oktyabrında Cəbrayıl rayonu ərazisində fəaliyyətə başlayan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkıdır.
Elxan SALAHOV