Bunu 1 Noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə AZƏRTAC üçün eksklüziv məqaləsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.
O qeyd edib ki, ilkin qiymətləndirimələrə görə, Qarabağın və Şərqi Zəngəzurun işğala məruz qalmış ərazilərində məskunlaşma, bərpa və inteqrasiya prosesləri başa çatdıqdan sonra təxminən 150 min hektar əkin sahəsi dövriyyəyə cəlb olunacaq. Mövcud əkin strukturu nəzərə alınmaqla bu əkin sahələrinin təqribən 100 min hektarı taxıl məhsullarının istehsalına cəlb olunacaq ki, bu, həm ərzaq təminatı, həm də heyvandarlığın yem bazasının yaxşılaşdırılması baxımından çox əhəmiyyətlidir.
“Eyni zamanda regionda ənənəvi olaraq mövcud olan üzüm bağlarının bərpası ilə yanaşı, region üçün yeni bir trend kimi intensiv meyvə bağlarının salınması həyata keçiriləcək. Yeni intensiv bağlar xüsusilə ixrac əhəmiyyətli gilas, ərik, şaftalı kimi çəyirdəkli meyvələr, həmçinin nar və fındıq kimi ölkə üçün spesifik olan meyvə bağlarından ibarət olacaq. Həmçinin regionda soğan və kartof kimi tərəvəz məhsullarının istehsalı, habelə pambıq və tütün kimi texniki bitkilərin istehsalının təşkili də ölkə üzrə müvafiq istehsal göstəricilərini yüksəldəcək”, - deyə M.Məmmədov vurğulayıb.