Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindki hesabında yazıb.
"Azərbaycanın TAP vasitəsilə Avropaya qaz ixracına başlamasından 5 il ötür. Bu müddətdə TAP-la Avropaya 54 milyard kubmetrdən çox qaz tədarük olunub. Bu il Avropaya qısa və uzunmüddətli müqavilələrlə operativ məlumatlara əsasən 12,8 milyard kubmetr qaz ixrac edilib", - nazir qeyd edib.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP-ın ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb. Azərbaycan və Aİ arasındakı razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə ən azı 20 milyard kubmetrə çatmalıdır. Qaz kəmərinin genişləndirilməsinin birinci mərhələsi çərçivəsində İtaliya 1 milyard kubmetr, Albaniya isə 200 milyon kubmetr Azərbaycan qazı alacaq. 2021-ci ildə keçirilmiş bazar sınaqlarının nəticələrinə görə, TAP-ın səhmdarları 2026-cı il yanvarın 1-dək qaz kəmərinin illik ötürmə qabiliyyətini əlavə 1,2 milyard kubmetr artırmağına dair öhdəlik götürüblər.
TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. (Report)