"Azərbaycan Dəmir Yolları" QSC (ADY) xəbər verir ki, bunu səhmdar cəmiyyətin sədri Rövşən Rüstəmov Azərbaycana səfər edən ABŞ-nin biznes nümayəndə heyəti ilə görüşdə bildirib.
Görüş zamanı ABŞ-nin biznes nümayəndə heyətinə ADY-nin fəaliyyəti, xüsusilə Orta Dəhliz üzrə yükdaşıma həcmlərinin artırılması istiqamətində görülən işlər barədə məlumat verilib.
Qeyd olunub ki, ADY Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə marşrutların şaxələndirilməsi məqsədilə fəaliyyətini uğurla davam etdirir. Bakı–Tbilisi–Qars dəmiryol xəttinin modernləşdirilməsi nəticəsində yükötürmə gücünün illik 1 milyon tondan 5 milyon tona artırılması, iyulda ADY və "Çin Dəmir Yolları" Dövlət Korporasiyası arasında Bakı–Tbilisi–Qars xəttinin potensialının artırılmasına dair razılığın əldə olunması, Sian Limanında ADY nümayəndəsinin təyin edilməsi və illik yükaşırma gücü 20 000 TEU olan konteyner meydançasının açılması, ötən ay isə Çinin "China Railway Container Transport Corp. Ltd." (CRCT) şirkətinin "Middle Corridor Multimodal Ltd." birgə müəssisəsinə qoşulması Orta Dəhlizin inkişafı və Şərq-Qərb-Şərq daşımaları baxımından mühüm nailiyyətlərdir.
Əlavə olaraq vurğulanıb ki, avqustda Vaşinqtonda əldə edilmiş razılığa əsasən reallaşacaq Zəngəzur dəhlizi ("Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (Trump Route for International Peace and Prosperity – TRIPP) Orta Dəhliz üzrə yük axınlarının fasiləsizliyini təmin edəcək, iqtisadi inkişafa və regional inteqrasiyaya təkan verəcək.
ADY sədri bildirib ki, görülən işlər, o cümlədən ABŞ-nin biznes nümayəndə heyətinin ötən gün tanış olduğu Bakı Limanının ADY-yə birləşdirilməsi, bununla da ADY-nin dəmir yolu, liman, terminal və ekspeditorluq xidmətlərini özündə birləşdirən irimiqyaslı nəqliyyat və logistika qrupuna çevrilməsi artıq müsbət nəticə verib. 2025-ci ilin 8 ayında Azərbaycan Orta Dəhlizlə Çindən 265 blok-qatar qəbul edib, halbuki ötən ilin analoji dövründə qəbul edilmiş qatarların sayı 168 olub. Bakı Limanında isə həmin dövrdə 70 min TEU-ya yaxın konteyner aşırılıb. Bu, ötən ilin analoji dövrü (47 157 TEU) ilə müqayisədə 47 faiz çoxdur.
Qeyd edilib ki, ADY-nin prioritetləri emissiyaların azaldılması və təmiz texnologiyaların istifadəsi üçün dekarbonizasiya, daha təhlükəsiz, daha sürətli, daha səmərəli əməliyyatlar üçün smart sistemlərdən istifadəyə hesablanmış rəqəmsallaşma və uzunmüddətli inkişafı və ekoloji məsuliyyəti dəstəkləyən dayanıqlılıqdır.
ABŞ-nin biznes nümayəndə heyəti ADY-nin irimiqyaslı fəaliyyəti barədə ətraflı məlumata görə təşəkkür edib, qurumun xüsusilə beynəlxalq dəhlizlər üzrə yükdaşımalarda mühüm rol oynadığını və qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. (Report)