Bu barədə COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin COP29 çərçivəsində keçirilən “COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz” adlı tədbir iştirakçılarına müraciətində bildirilib.
Müraciəti Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un baş müzakirəçisi Yalçın Rəfiyev oxuyub.
"Azərbaycan Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan kimi əsas bölgələri təmiz enerji zonaları kimi müəyyən edib. Bu ərazilərdə günəş və hidroenergetika daxil olmaqla, bərpa olunan enerji mənbələri üçün əhəmiyyətli potensial mövcuddur. Bu bölgələrdəki səylərimiz yalnız Azərbaycanın emissiyaların azaldılması hədəflərinə töhfə vermir, həm də təmiz enerji keçidində liderliyimizi gücləndirir. Biz bu layihələrə aktiv şəkildə investisiya yatırır, beynəlxalq maraq və əməkdaşlıq cəlb edirik", - müraciətdə bildirilir.
Qeyd edək ki, “Troyka” ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30) daxildir.
Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək. (Trend)