21.11.2024, 19:35
AZ EN
12.11.2024, 11:10 7

Pərviz Şahbazov: bp ilə yaşıl enerji zonası - Şərqi Zəngəzurda 240 MVt gücündə Günəş elektrik stansiyasının təməli qoyulacaq

XƏBƏRLƏR
  • “Azərbaycan 2030-cu ilədək “yaşıl artım ölkəsi” və yaşıl elektrik enerjisi, yaşıl qazların tədarükçüsü kimi inkişaf prioritetlərinə uyğun olaraq bərpaolunan enerji potensialını milli və beynəlxalq miqyasda artıran ambisiyalı meqalayihələr də həyata keçirir”.

Bu fikirləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Nazirlərin dialoqu: Bərpa olunan mənbələrdən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların artırılması” mövzusunda tədbirdə deyib.

O qeyd edib ki, bir neçə saatdan sonra bp ilə yaşıl enerji zonası - Şərqi Zəngəzurda 240 MVt gücündə Günəş elektrik stansiyasının təməli qoyulacaq: “Bu stansiya dünyanın ən böyük neft-qaz terminallarından biri olan Səngəçalın karbonsuzlaşdırılmasına əhəmiyyətli töhfə verəcək.

Ümumilikdə, 2030-cu ilə qədər istismara veriləcək 2,250 MVt gücündə Günəş və külək elektrik stansiyaları bərpaolunan enerjinin payını 35,5 faizə yüksəldəcək. Bu, yalnız 30 faizlik hədəfimizin yenilənməsi deyil, eyni zamanda Günəş və külək enerjisinin enerji sistemimizdəki payının 7 dəfədən çox artması deməkdir.

Bu dövrdə əsas strateji hədəflərimizdən biri də 5 QVt əlavə enerji gücü yaratmaq və bu enerjinin “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” dəhlizləri vasitəsilə Avropaya tədarükünü təmin etmək, eləcə də Qazaxıstan və Özbəkistandan bərpaolunan enerjinin axını üçün “Azərbaycan-Mərkəzi Asiya” yaşıl enerji dəhlizini qurmaqdır. Bu regional yaşıl enerji dəhlizləri bir-biri ilə əlaqələndirilərək Avropaya yönəldildiyi təqdirdə, Azərbaycan 2030-cu ildə həm özünün, həm də Asiyadan Avropaya qədər geniş bir coğrafiyada ölkələrin yaşıl enerjiyə keçidinə və qlobal öhdəliklərin yerinə yetirilməsinə əhəmiyyətli töhfə vermiş olacaq”.

Nazir sözügedən təşəbbüsləri həyata keçirmək və enerji keçidində əsl dönüş yaratmaq üçün hər bir ölkənin, qurumun və sektorun güclü birliyi və dəstəyinin vacibliyinə diqqət çəkib: “Gəlin, öz üzərimizə düşən məsuliyyəti tam olaraq yerinə yetirək, maliyyə və texnoloji imkanlarımızı səfərbər edək və gələcəyimiz üçün qətiyyətlə hərəkət edək. İndi birlikdə addım atmağın və COP29-un qlobal enerji hədəflərini reallığa çevirməyin zamanıdır!”. (AZƏRTAC)

Oxşar xəbərlər