"Vətən səsi" xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu ilin 9 ayı ərzində ən çox investisiya qoyulmuş şəhər və rayonlar arasında ilk beşlikdə işğaldan azad olunmuş ərazilər də var. Hətta bu sıralamada Bakı şəhərindən sonrakı yerləri işğaldan azad olunmuş rayonlar tutur. Hesabat dövründə respublika üzrə ən çox investisya Bakı şəhərinin payına düşüb - 7 milyon 166 min 724 manat. Ən çox investisiya yatırımına görə ikinci yerdə Kəlbəcər (801 min 366 manat), üçüncü yerdə Ağdam (528 min 449 manat), dördüncü yerdə Şuşa (389 min 124 manat), beşinci yerdə isə Füzuli rayonları (321 min 799 manat) gəlir.
Respublikanın 60 şəhər və rayonunda investisiya yatırımının məbləğinə görə işğaldan azad olunmuş Cəbrayıl (280 min 229 manat) və Qubadlı da ilk onluqdadır.
Hesabat dövründə ən az investisiya qoyulan rayonlar arasında ilk üç yeri Qobustan (487 manat), Lerik (1219 manat) və Goranboy (2828 manat) rayonları tutur.
Beləliklə, dövlət büdcəsi hesabına birbaşa investisiya xərclərinin mütləq əksəriyyəti işğaldan azad olunmuş ərazilərə yönəldilib. Bu, həm də dövlətin həmin ərazilərin iqtisadi potensialına xüsusi önəm verməsinin göstərisi sayıla bilər.
Elxan SALAHOV