Bu barədə Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda bildirib.
"Yaşıl” enerji keçidi bizim üçün bir sıra məşğulluqla bağlı suallar irəli sürür. Çünki hər bir dəyişiklik həm faydalar, həm də itkilər gətirir. Bu, "yaşıl" keçidin meydana gətirdiyi əsas problemlərdən biridir. Nəticədə, "yaşıl" transformasiyadan daha çox itirənlər var, nəinki qazananlar və məhz bu, prosesin yavaşlamasının açar amillərindən biridir. Məsələn, neft, təbii qaz və kömür kimi karbonhidrogenlərin istifadəsindən imtina etdikcə, bir çox əsas sənaye sahələri diqqətdən kənarda qala bilər. Yeni reallıqda bu sektorlardakı işçi qüvvəsi də tələbsiz qalacaq. Buna görə də bu insanlara yeni bacarıqlara yiyələnmək lazım olacaq", - E.Sultanov qeyd edib.
Onun sözlərinə görə, keçiddən zərər çəkə biləcək insanları prosesə daxil etməklə, onların inkişafını yavaşlatmamaq lazımdır.
Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.
Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.
Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.
Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində şəhərin müxtəlif guşələrində bir çox tədbirlər təşkil ediləcək. (Trend)