"Vətən səsi" xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpası və investisiya qoyuluşlarının sürətlənməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən bu bölgədə fəaliyyət göstərən sahibkarlar üçün zəmanət və subsidiya mexanizminin yaradılması isə bu stimulu daha da artırıb. Fondun Partnyorlarla iş şöbəsinin müdiri Rüstəm Əliyev deyib ki, 2024-cü il üzrə müəyyənləşdirilmiş prioritet istiqamətlər üzrə 2744 layihə maliyyələşdirilib. Onun sözlərinə görə, bu ilin 6 ayı ərzində həmin layihələrə Fond tərəfindən 102,7 milyon manat güzəştli kredit verilib.
Rüstəm Əliyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara SİF tərəfindən iki mexanizm üzrə dəstək göstərilir. Bunlardan biri Fondun ənənəvi məhsulu hesab edilən və respublikanın bütün regionlarını əhatə edən güzəştli kreditlərin verilməsidir. Digər mexanizm isə bu ilin fevralından işə salınmış və məhz işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların kommersiya banklarından əldə etdikləri biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılmasını nəzərdə tutan “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmidir: "Güzəştli kredit mexanizmi üzrə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 9 layihəyə ümumilikdə 20,3 milyon manat güzəştli kredit verilib. Zəmanət və subsidiya mexanizmi üzrə isə 2 sahibkarlıq subyektinin banklardan aldığı kreditlərin 90 faiz hissəsinə dövlət zəmanətinin verilməsi təmin edilib. Artıq bu layihələrdən biri üzrə əldə olunan kreditin faiz dərəcəsinin 10 faiz bəndinin subsidiyalaşdırılmasına başlanılıb".
Şöbə müdiri vurğulayıb ki, bu ilin fevralından “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində zəmanət və subsidiyadan yararlanmaq istəyən sahibkarlar üçün “Elektron kredit və zəmanət” informasiya sistemi istifadəyə verilib. Onun sözlərinə görə, bu sistem sahibkarlara heç bir kredit təşkilatına, filiala və ya hansısa orqana yaxınlaşmadan, istənilən brauzer üzərindən müraciət etmək və müraciətlərinin statusunu izləmək imkanı yaradır: "Hazırda Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi üçün müraciətlərin elektronlaşdırılması üzrə işlər aparılır. Məqsəd sahibkarlarımızın heç bir maneə və çətinliklə qarşılaşmadan dövlətin güzəştli vəsaitlərindən yararlanmasını təmin etməkdir. Hesab edirik ki, bu məqsədə nail olmaq istiqamətində müraciətlərin elektronlaşdırılması əhəmiyyətli rol oynayacaq".
Elxan SALAHOV