Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” mövzusunda tədbirdə iştirak çərçivəsində biznes nümayəndələrinin Ağdam Sənaye Parkına səfəri zamanı deyib.
Onun sözlərinə görə, indiyədək rezidentlər tərəfindən sənaye parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb: "Sənaye parkı rezident sayına görə ölkədə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. Sənaye parkında ümumi investisiyalarının həcmi 216 milyon manatdan çox olan 25 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib. Bu sahibkarlıq subyektləri tərəfindən sənaye parkında ümumilikdə 2 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur”.
Qeyd edilib ki, azad edilmiş ərazilərdə sənaye parklarının rezidentləri qeydiyyata alındıqları vaxtdan başlayaraq, 10 il müddətinə əmlak, mənfəət və torpaq vergilərindən azaddırlar. Bundan başqa, sənaye parklarında aşağı həddə icarə haqqı tətbiq edilir, dövlət vəsaiti hesabına elektrik, təbii qaz, içməli və texniki su, sürətli internetlə təmin edilmiş infrastruktur qurulur. Sənaye zonalarının avtomobil və dəmir yolu qovşaqlarının üzərində yerləşməsi yüklərin asan daşınmasına imkan verəcək.
Məlumat verilib ki, işğaldan azad edilmiş ərazilərdə kommunal xidmətlərdən istifadəyə görə güzəştli mexanizm, bir sıra xammal və materialların idxalı zamanı gömrük və vergi azad olmaları, eyni zamanda sosial sığorta haqlarının subsidiyalaşdırılması və əlavə güzəştlərdən də istifadə edilir.
Parkın biznes perspektivləri, qurulmuş müasir infrastruktur, dövlət dəstəyi mexanizmləri və buradakı müəssisələrin fəaliyyəti ilə tanış olan iş adamları sərmayə imkanlarını dəyərləndiriblər. (Report)