Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərinə start verdi. 2021-ci il iyulun 18-də Kəlbəcər şəhəri elektrik enerjisi ilə təmin edildi. İlkin mərhələdə rayon ərazisindəki hərbi hissələrə, xüsusi dövlət əhəmiyyətli obyektlərə işıq verildi.
ASC-dən bildirilib ki, Kəlbəcər elektrik enerjisindən mənbə kimi Gəncədə yerləşən “Gəncə-2” yarımstansiyasından Daşkəsənə 110 kV-luq elektrik verilişi xətti, həmçinin Kəlbəcərdə bir neçə istiqamətdə 110 kV və 35 kV-luq elektrik xətləri çəkilib. Ümumilikdə rayon ərazisində çox sayda Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb.
2022-ci il iyunun 26-da Prezident İlham Əliyev Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Ən müasir avadanlıqlarla təchiz edilən mərkəzdə tamamlama işləri görülür. Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzi gələcəkdə rayonun dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq.
Eyni zamanda, İstisu ərazisində “İstisu” 110-35 kV-luq yarımstansiyasının tikintisinə başlanılıb. Görülən işlərin yekununda Kəlbəcərlə Laçın rayonlarının elektrik şəbəkələrini birləşdirən dairəvi elektrik təchizat sxemi yaradılacaq.
Alagöllər ərazisini çətin relyef, yüksəklik və keçilməz yollar səbəbi ilə sovet hökuməti zamanında belə elektrik enerjisi ilə təmin edə bilməyib. Bu gün həmin ərazilərdə Azərbaycan işığı yanır.
Eyni zamanda, Zar, Zəylik, İstisu, Ağqaya, Mərcimək və Yellicə istiqamətində işlər yekunlaşmaq üzrədir. Qeyd edilən kəndlərə elektrik enerjisini daşıyan yeni dayaqlar basdırılır, müasir tipli, izolyasiyalı kabel xətləri çəkilir. Bu növ izolyasiyalı kabel xətləri həm ekoloji cəhətdən əlverişli və təhlükəsizdir, həm də enerji itkisini minimuma endirir. Həmçinin yüksək dağlıq ərazilərdə kəskin hava şəraitində açıq naqillərdə buzlaşma və meşə zolağından keçən hissədə ağac budağının toxunması nəticəsində açılmalar olur. Belə qəzaların aradan qaldırılması kifayət qədər vaxt tələb edir. İzolyasiyalı kabellərdə isə bu növ problemlər yaranmır. Üstəlik açıq kabellərdə mühafizə sonası 30 metr olmalıdır. Xətlərin onlarla kilometr uzunluğunda çəkildiyini nəzərə alsaq nə qədər boş torpaq sahəsi itkisi olduğunu təsəvvür etmək çətin deyil. İzolyasiyalı kabellərdə isə mühafizə zonası cəmi 4-6 metrdir. Bu da qəza baş verəcəyi halda texnikaların işləyə bilməsi üçün nəzərdə tutulub.
Prezident İlham Əliyevin tapşırıqları əsasında hazırda “Azərişıq” ASC Kəlbəcərdə işləri davam etdirir. (AZƏRTAC)