İclasın məqsədi ölkə başçısının tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilər üzrə Komitənin sifarişi ilə hazırlanan əsas ərazi planlaşdırma sənədlərinin hazırlanmasında ictimaiyyət və yerli peşəkar dairələrin fəal iştirakını təmin etməkdir.
İclas çərçivəsində Komitə rəsmiləri tərəfindən İşğaldan Azad Edilmiş Ərazilərin Ümumi Planı, ayrı-ayrı şəhərlərin baş planları təqdim edildi, müvafiq şəhərsalma həlləri ətraflı müzakirə olunub. Bildirilib ki, növbəti 20-illik dövrü əhatə edən bu planların hazırlanması zamanı regionda müasir tələblərə cavab verən yeni infrastrukturun qurulması, şəhərlərə tezliklə qayıdacaq əhalinin yüksək yaşayış standartlarının, təhlükəsizliyinin, iş imkanlarının və yaşayış məntəqələrinin dayanıqlı inkişafının təmin olunması prioritet götürülüb, aparıcı dünya təcrübəsi öyrənilərək tətbiq edilib, “yaşıl” enerji, “ağıllı” şəhər və bir çox digər müasir şəhərsalma yanaşmaları tətbiq olunub. ("Trend")