18.06.2025, 21:12
AZ EN
21.11.2023, 17:46 336

Qarabağ və Şərqi Zəngəzura görə Vergi Məcəlləsinə dəyişiklik

XƏBƏRLƏR

"İşğaldan azad olunmuş ərazilərdə yaşayan keçmiş məcburi köçkün bilavasitə həmin ərazilərdə fərdi sahibkarlıq fəaliyyəti göstərdikdə onlara bir sıra vergi güzəştləri tətbiq olunur. Bununla bağlı 2023-cü ildə Vergi Məcəlləsində müvafiq dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərdə vergitutmanın xüsusiyyətləri və müvafiq vergi güzəştləri müəyyən edilib. Məcəllənin 226.2-ci maddəsinə əsasən, işğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür".

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Vətən səsi"nə verilən məlumatda belə deyilir. Bildirilir ki,Vergi Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.
Vergi qanunvericiliyinin tələblərinə əsasən, vergi azadolmalarının tətbiqi üçün fəaliyyət sahələrindən asılı olaraq bir sıra şərtlər tələb olunur. İstehsal, emal və hasilat fəaliyyəti sahəsi üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə bu fəaliyyəti göstərən vergi ödəyicilərinə münasibətdə tətbiq edilir. Vergi azadolması istehsal, o cümlədən emal və ya hasil edilərək işğaldan azad edilmiş ərazi daxilində və ya həmin ərazidən kənara təqdim edilən, habelə Azərbaycan Respublikasının ərazisindən ixrac edilən mallara görə əldə olunan gəlirlərə şamil edilir.

Topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir. Sahibkarlar malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazidən kənarda fəaliyyət göstərən şəxslərə təqdim etdikləri, yaxud da Azərbaycan Respublikası ərazisindən ixrac etdikləri halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir.

Turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə tətbiq edilir.

Qanunvericiliyin tələblərinə əsasən, yuxarıda sözügedən fəaliyyət növləri ilə məşğul olan sahibkarlar işğaldan azad edilmiş ərazi ilə yanaşı, həmin ərazidən kənarda da eyni növ fəaliyyəti həyata keçirdiyi halda, vergi azadolmaları həmin şəxslərə şamil edilmir.

Vergi azadolmaları həmçinin maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edilməsi kimi fəaliyyət növləri və əməliyyatlara aid deyil.

Dövlət Vergi Xidmətindən onu da bildiriblər ki, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü il yanvarın 1-dən 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödəniləcək. Bu yardımın əldə olunması üçün vergi orqanlarına ərizə ilə müraciət etmək lazımdır.

Elxan SALAHOV

Oxşar xəbərlər