19.06.2025, 21:10
AZ EN
01.09.2023, 12:32 424

Qarabağ və Şərqi Zəngəzurda 600 manat müavinət o şəxslərə verilir ki...

XƏBƏRLƏR
  • Əmək Məcəlləsinə edilən dəyişikliklərə görə işğaldan azad olunan ərazilərmizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və güzəştlərin tətbiqinə başlanılıb.

“Vətən səsi” xəbər verir ki, sentyabrın 1-dən tətbiq olunan qaydalara əsasən Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan güzəştlərdən biri də 600 manat məbləğində birdəfəlik müavinətdir. Belə ki, işğaldan azad olunan ərazilərdə çalışan vətəndaşlara aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı, 600 manat birdəfəlik müavinət də ödənilir. Bundan başqa, həmin şəxslər hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar.

Bəs, Qarabağ və Şərqi Zəngəzurda 600 manat müavinət kimlərə verilir?

Qaydalara görə, sözügedən müavinəti peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər ala biləcəklər. Həmin müavinətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təyin edilir. Sosial dəstək xarakterli birdəfəlik müavinətin təyin olunması üçün şəxs 600 manat məbləğində vəsaiti almaq hüququ yarandıqda sonra yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nə müraciət etməlidir. Əmək müqaviləsi əsasında işə başlayan şəxs birdəfəlik müavinəti almaq üçün şəxsiyyət vəsiqəsi ilə adları sadalanan qurumlardan birinə bu barədə məlumat verməlidir. Bundan sonra həmin müavinət proaktiv qaydada təyin edilir.

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və qərar qəbul edilir. Yəni, müraciət edən şəxsin sözügedən müavinəti almaq hüququnun təsdiqlənəcəyi halda ən geci 10 günə vəsait onun hesabına köçürüləcək.

Xatırladaq ki, rəsmi statistikaya əsasən, 2023-cü ilin yanvar-iyun ayları ərzində işğaldan azad edilmiş rayonlarda 623 yeni iş yeri açılıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin ilk 6 ayı ərzində ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Belə ki, hesabat dövrü ərzində bərpa və yenidənqurma işlərinin davam etdiyi Laçında 328, Şuşada isə 177 yeni iş yeri açılıb.

Elxan SALAHOV

Oxşar xəbərlər