“Vətən səsi” xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb. Bildirilir ki, hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında 31 sahibkarlıq subyektinə rezidentlik və qeyri-rezidentlik statusu verilib. Bu sahibkarlıq subyektləri tərəfindən 2000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, Ağdam Sənaye Parkı prezident İlham Əliyevin 2021-ci il mayın 28-də imzaladığı fərman əsasında yaradılıb. Sözügedən parkda istehsal sahələrinin yaradılması məqəsdilə 190 hektar ərazi ayrılıb. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı isə bundan bir qədər əvvəl 2021-ci il oktyabrın 4-də yaradılıb. Dövlət başçısının müvafiq fərmanı əsasında fəaliyyətə başlayan “Araz Vadisi İqtisadi Zonası”nın parkı 200 hektar ərazini əhatə edir. Qarabağın bərpası, dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan hər iki sənaye parkında istehsal ediləcək məhsullar yerli bazarla yanaşı “Made In Azerbaijan” brendi adı xarici bazarlara da çıxarılacaq.
O da bildirilir ki, bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 19 sahibkarlıq subyektinə rezident statusu verilib. Həmin rezidentlər ümumilikdə 244 milyon manatdan artıq investisiyanın yatırılmasını, 1 500-dən çox iş yerinin yaradılmasını planlaşdırır.
Sənaye zonaları üzrə ümumi investisiya məbləği 7,18 milyard manatdır. Sahibkarlar bu günə qədər 6,56 milyard manatdan çox investisiya yatırıb və 10 600-dən çox daimi iş yeri yaradıb. Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq 690 milyon manata yaxın investisiyanın yatırılması, 5 200-dən çox daimi iş yeri yaradılması nəzərdə tutulur.
Sənaye zonalarında bu günə qədər ümumilikdə 10,23 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,35 milyard manatlıq hissəsi ixrac olunub. İxrac “Made In Azerbaijan” brendi adı ilə 60-a yaxın ölkəyə həyata keçirilir. Bu ilin I yarısında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr 1,4 milyard manatlıq məhsul satıb ki, bunun 33,6%-lik hissəsi ixracın payına düşüb.
Elxan SALAHOV