21.11.2024, 19:06
AZ EN
11.08.2023, 13:12 332

Azad olunmuş ərazilərdə KOB evləri yaradılacaq

XƏBƏRLƏR
  • Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında fəaliyyət göstərən kiçik və orta sahibkarlığın təşviqi, işğaldan azad olunmuş ərazilərdə investisiya mühitinin formalaşdırılması və məşulluğun təmin olunması ilə bağlı çoxşaxəli tədbirlər görülür. İşğaldan azad olunmuş ərazilərdə kiçik və orta biznes evlərinin (KOB evləri) yaradılması təşəbbüsləri bu tədbirlər sırasındadır.

“Vətən səsi” xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Biznesə xidmətlər departamentinin şöbəsinin müdiri Yalçın Ağamalı bildirib. Onun sözlərinə görə, KOB evləri işğaldan azad olunmuş ərazilərdə öz biznesini qurmuş və ya gələcəkdə bu cür fəaliyyətlərlə məşğul olacaq sahibkarlara müvafiq xidmətlər göstərməklə onların işini asanlaşdıracaq: “Prezidentin müvafiq fərmanları əsasında ölkənin iri şəhər və rayonlarında KOB evlərinin yaradılması tapşırılıb. Artıq ilk KOB evləri Xaçmazda, Yevlax və Bakıda sahibkarların xidmətindədir. Sayca 4-cü KOB evinin tezliklə Gəncə şəhərində açılması gözlənilir. Ölkənin digər şəhər və rayonlarında, o cümlədən işğaldan azad olunmuş bölgələrimizdə də KOB evlərinin yaradılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə zəruri işlər görülür”.

Yalçın Ağamalı bildirib ki, KOB evlərinin yaradılmasında əsas məqsəd sahibkarlıq subyektlərinə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq dövlət və özəl qurumların xidmətlərinin vahid məkanda təqdim edilməsidir. Onun sözlərinə görə, bu, sahibkarın vaxtına qənaet edir, əməliyyat xərclərini azaldır, xidmətlərin şəffaf və operativ təşkili sahibkar məmnunluğunu artırır, xidmət səviyyəsini ölçüləbilən edir: “Sahibkarlar biznes fəaliyyəti üçün zəruri olan sahibkarlıq fəaliyyətinin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, kommunal, bank, sığorta, notarius və digər xidmətlər üçün KOB evlərinə müraciət edə bilərlər”.

KOB evlərinin işğaldan azad olunmuş hansı ərazilərdə yaradılacağına gəlincə, Yalçın Ağamalı bildirib ki, yerin müəyyənləşdirilməsi üçün əvvəlcə araşdırmalar və təhlillər aparılır, bundan sonra həmin qurumların hansı rayonlarda yaradılacağı barədə qərarlar verilir: “KOB evlərinin yerləşəcəyi ərazi seçilərkən burada fəaliyyət göstərən sahibkarların sayı, iqtisadi aktivlik, dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlər, bölgənin infrastrukturu və ən əsası, KOB evinə olan ehtiyac və digər məsələlər nəzərə alınır. KOB evləri bu prinsiplər əsas götürülməklə yaradılır. Hazırda Bakı, Xaçmaz və Yevlaxda fəaliyyət göstərən KOB evləri qeyd edilən şəhərlərlə yanaşı, onların yaxınlığında yerləşən bölgələrin də sahibkarlarına xidmət edir. Bu isə o deməkdir ki, KOB evləri əslində üç deyil, daha çox şəhər və rayonun biznes subyektinə xidmət edir”.

Elxan SALAHOV

Oxşar xəbərlər