21.11.2024, 18:33
AZ EN
27.07.2023, 16:10 252

Memar: İşğaldan azad edilmiş ərazilərdə yeni sənaye potensialının yaradılması dövlətin daim diqqət mərkəzindədir

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərin bərpası, məskunlaşdırılması və dirçəldilməsi yaxın gələcəkdə respublikada iqtisadi artıma və sosial-iqtisadi inkişafa ciddi təkan verəcək. Təbii ki, bu ərazilərin iqtisadi potensialının artırılması çoxlu sayda yeni iş yerlərinin yaradılması, ölkə iqtisadiyyatının və ixracının şaxələndirilməsi, qeyri-neft sektoru sahələrinin, xüsusilə də qeyri-neft sənaye sahələrinin inkişafı deməkdir.

Bu barədə memar Fəzail Bayramov deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın ən müxtəlif sahələrinin inkişafı üçün potensial imkanlar mövcuddur. Bu baxımdan həmin ərazidə müasir texnologiyalara əsaslanan yeni sənaye potensialının yaradılması dövlətin daim diqqət mərkəzindədir. Belə ki, həm əhalinin, həm də müəssisə və təşkilatların, o cümlədən sənaye obyektlərinin gələcəkdə tələb olunan səviyyədə elektrik təchizatının təmin edilməsi üçün bütün ərazilərdə həm su elektrik stansiyalarının, həm elektrik yarımstansiyalarının, həm də alternativ və bərpa edilən mənbələr üzrə elektrik stansiyalarının qurulması işləri sürətlə davam edir. Şərqi Zəngəzur iqtisadi rayonunda ümumi uzunluğu 323 kilometr olan 5 avtomobil yolu, 111,4 kilometr uzunluğunda dəmir yolu inşa olunur. Bundan başqa, burada 4 yarımstansiya, ümumi gücü 42,6 MVt olan 5 Kiçik Su Elektrik Stansiyası, 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası yaradılır.

Memar qeyd edib ki, İran ərazisindən keçməklə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək avtomobil və dəmir yolunun çəkilməsi, habelə Zəngəzur dəhlizinin açılması ölkəmizin həm daxili, həm də beynəlxalq nəqliyyat-logistika imkanlarını genişləndirəcək. Ərazidə üç beynəlxalq hava limanının tikilməsi də bölgənin şaxələnmiş beynəlxalq logistika şəbəkəsinə malik olacağını göstərir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, sosial infrastrukturun qurulması və əhalinin məskunlaşdırılması prosesində yerli ehtiyatların geniş və səmərəli istifadəsinə nail olmaq üçün regionda tikinti materialları istehsalı müəssisələrinin yaradılması bu iqtisadi rayonlarda ciddi sənaye potensialının formalaşmasına imkan verəcək.

Ölkədə sənayenin inkişafı sahəsində geniş tətbiq olunan mühüm mexanizmlərdən birinin sənaye və texnologiya parklarının, habelə sənaye məhəllələrinin yaradılması olduğunu vurğulayan F.Bayramov, artıq Ağdam şəhərinin yaxınlığında 190 hektar ərazidə Ağdam Sənaye Parkının, Cəbrayıl rayonu ərazisində isə 200 hektarlıq sahədə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradıldığını və bu istiqamətdə işlərin davam etdiyini bildirib.

Beləliklə, yeni yaradılan sənaye zonaları, həmçinin Ağdam Sənaye Parkında yaradılan müəssisələr yerli istehsalın inkişafına təkan verməklə, bölgənin resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsinə, Qarabağın dirçəlişinə, bütünlükdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək. (AZƏRTAC)

Oxşar xəbərlər