19.04.2025, 04:09
AZ EN
12.04.2023, 19:15 252

Cavid Vəliyev: Türkiyənin xarici siyasət sahəsində uğurları onu qlobal gücə çevirib

XƏBƏRLƏR

Son 20 ildə Azərbaycan-Türkiyə münasibətlərində çox ciddi uğurlar əldə olunub. Biz bunu həm iki dövlət arasında artan ticarətin həcmində, həm hərbi, siyasi, nəqliyyat və enerji sahələrində imzalanan müqavilələrdə, həm də iki dövlət arasında möhkəmlənən qarşılıqlı əməkdaşlıqda görə bilərik. 2007-ci il fevralın 7-də Tbilisi şəhərində imzalanmış Sazişə əsasən tikilib istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu bu gün regionun taleyini dəyişdirən nəqliyyat dəhlizinin formalaşmasına səbəb olub. Orta Dəhliz Azərbaycan, Türkiyə və Gürcüstan arasında reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə başlayıb. Eyni zamanda, enerji sahəsində əməkdaşlıq olduqca vacibdir.

Bu sözləri açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev söyləyib.

Cənub Qaz Dəhlizinin reallaşmasının Avropanın enerji təhlükəsizliyində çox böyük rol oynadığını vurğulayan C.Vəliyev deyib: “Bu layihə həm Azərbaycanın, həm də Türkiyənin strateji dəyərinin artmasına gətirib çıxarıb. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı əlaqələri sayəsində siyasi münasibətlərimiz son 100 ilin ən yüksək səviyyəsinə çatıb.

O bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Bəyannaməsi ilə öz zirvəsinə çatıb. Şuşa Bəyannaməsində qeyd olunan məsələlər o dövrdən etibarən Azərbaycan-Türkiyə münasibətləri üçün yol xəritəsi təşkil edib.

“Hərbi və müdafiə sənayesi sahəsində bu gün Azərbaycan-Türkiyə münasibətləri uğurla davam edir. Azərbaycan Ordusunun Türkiyə ordu modelinə keçməsi təsadüfi deyildi. 44 günlük Vətən müharibəsində Türkiyənin ordu modeli özünün uğurunu bir daha sübut etdi. Bu model hələ uzun illər ərzində Azərbaycan Ordusunun professional inkişafında böyük rol oynayacaq. Eyni zamanda, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında Prezident Ərdoğanın göstərdiyi siyasi iradə çox vacib rol oynadı”, - deyə Cavid Vəliyev vurğulayıb.

O qeyd edib ki, Türkiyə, həmçinin xarici siyasət və təhlükəsizlik sahələrində də sanballı uğurlar qazanıb. Bu uğurlar regional və qlobal mənada gücə çevrilib. Bu güc gələcək illərdə Azərbaycan-Türkiyə münasibətlərini daha da irəliyə aparacaq.("AZERTAC")

Oxşar xəbərlər

SON XƏBƏRLƏR