14.03.2025, 19:53
AZ EN
06.04.2023, 11:37 291

Komitə sədri: Fransa erməni xalqını oyuna gətirib Cənubi Qafqazda möhkəmlənmək istəyir

XƏBƏRLƏR

Fransa dövlətinin və Senatının Azərbaycan əleyhinə apardığı yalan, böhtan kampaniyası getdikcə sürətlənir və bu, nəinki xalqımızda, eləcə də hadisələrə ayıq başla yanaşan, reallıqları qiymətləndirən fransızlarda belə ikrah hissi doğurur. Ölkəsində ictimai-siyasi sabitliyi bərpa edə bilməyən, xalqın qəzəbinə tuş gələn Fransanın hakimiyyət dairələri, deputatları öz ölkələrinin problemlərini aradan qaldırmaq, insanların etimadını doğrultmaq əvəzinə, ermənilərin əlində oyuncağa çevrildiklərini nümayiş etdirir, təcavüzkarlara bəraət qazandırmaq, onlara arxa olmaq üçün dəridən-qabıqdan çıxırlar. Bu günlərdə ermənilərin sifarişi ilə Fransa Senatının keçirdiyi konfrans nəinki anti-Azərbaycan xarakterli olması ilə, eləcə də fransalı deputatların mənəviyyatsızlığını, ikiüzlülüyünü qiymətləndirmək baxımından səciyyəvi idi. Senat həmin konfransı keçirməklə bir daha sübut etdi ki, o, milli mənafelərə, demokratiyaya, insan hüquqlarının qorunmasına, haqq-ədalətin bərpasına deyil, ayrı-ayrı şəxslərin, erməni milyarderlərin puluna, var-dövlətinə arxalanır və Fransa dövlətinin demokratik təsisatlarını, quruluşunu təcavüzkarlara, terrorçulara, maddiyyat sahiblərinə satır. Bu üzdəniraq “konfrans” ilə əlaqədar Azərbaycan Milli Məclisinin aprelin 4-də qəbul etdiyi bəyanatda bir daha qeyd olunub ki, Fransa parlament üzvlərinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan, Azərbaycan ərazisində separatizmi açıq şəkildə şirnikləndirən davranışı siyasi riyakarlığın ən barış təzahürüdür. Əlbəttə ki, bu, satqınlıq, riyakarlıq, beynəlxalq hüquq normalarına hörmətsizlik, eyni zamanda, Azərbaycanın suverenliyinə, dövlət mənafelərinə xəyanətdir. Bütün bu amillər isə Fransa Prezidenti Emmanuel Makronun çirkin əməllərindən, anti-Azərbaycan mövqeyindən qaynaqlanır.

Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev söyləyib.

Komitə sədri qeyd edib ki, Fransa Prezidentinin və Senatının belə məkrli məqsədlərlə çıxış etməsi, Azərbaycanın imicinə, beynəlxalq aləmdə qazandığı uğurlara, düşmən üzərində tarixi Qələbəsinə kölgə salmağa cəhd göstərməsi birinci dəfə deyil və sözsüz ki, bunların dövlətimizə əhəmiyyətli təsiri yoxdur. Çünki həyata keçirilən tədbirlərin - qəbul edilən qətnamələrin, təşkil olunan konfransların, verilən bəyanatların, edilən çıxışların heç bir hüquqi əsası yoxdur və onlar reallıqları əks etdirmir.

“Bu gün Azərbaycan heç bir ölkənin ərazisini işğal etməyib, Qarabağ erməniləri blokadaya alınmayıb. Laçın dəhlizi humanitar məqsədlər üçün açıqdır. Azərbaycan öz sərhədlərinin toxunulmazlığı, ərazisində olan erməni silahlı qruplaşmaların zərərsizləşddirilməsi, Qarabağa silah-sursat, hərbi qüvvələrin daşınmasının qarşısının alınması uğrunda mübarizə aparır və bu, bizim haqqımızdır. Fransa dövləti bir həqiqəti dərk etməli və bilməlidir ki, Azərbaycan iqtisadiyyatını inkişaf etdirməklə, Ordusunu möhkəmləndirməklə, bir çox mühüm layihələrə imza atıb beynəlxalq aləmdə nüfuz qazanmaqla, xalqın birliyinə nail olmaqla öz torpaqlarını 30 ildən sonra erməni təcavüzkarlarından azad edib. Bu illər ərzində Prezident İlham Əliyev çox böyük çətinlikləri dəf edərək Azərbaycanı güclü-qüdrətli dövlətə çevirib. Bu dövlətin vətəndaşlarının şücaəti, mübarizliyi 44 günlük müharibə günlərində bütün dünyaya məlum oldu. Ermənistan ordusunda 11 min fərari olduğu halda, Azərbaycan Ordusunda bir nəfər də geri çəkilmədi, döyüşlərə atılmaqdan qorxmadı. Prezidentimizin çağırışı ilə ölkə vətəndaşları bir yumruq kimi birləşdi və “dəmir yumruq” 44 günün sonunda Ermənistan ordusunu diz çökdürdü. Erməni əsgər və zabitləri 44 günü bir-birilərinə xəyanət etməklə, bir-birilərini öldürməklə, səngərləri qoyub qaçmaqla, ordunu talamaqla ağır məğlubiyyətə düçar oldular. Hakimiyyətdə olanlar, Ermənistana rəhbərlik edənlər də onlardan geri qalmadılar. Dövlət rəhbərlərinin hər biri ayrı-ayrı ölkələrə sığındılar və bu gün də başqa dövlətlərin kölgəsi altında öz xəyanətkar əməllərini davam etdirirlər. Xalqı satır, əzir, qula, köləyə döndərirlər. Fransa isə belə xəyanətkar dövlətə, millətçi, təcavüzkar rəhbərlərə himayədarlıq edir. Əlbəttə, bu, canıyananlıq deyil, erməni xalqını oyuna gətirib Cənubi Qafqazda möhkəmlənmək, müəyyən nüfuz əldə etmək istəyidir. Ancaq fransızlar bilməlidirlər ki, bu, artıq mümkün deyil. Onlar riyakar, sahibini satan, hər vaxt xəyanət yolunu tutan Ermənistana bel bağlamamalı, etibar etməməlidirlər. Çünki ermənilər onları Rusiyanı satdıqları kimi satacaqlar, Azərbaycana, Türkiyəyə, Gürcüstana, Ukraynaya düşmən kəsildikləri kimi bir gün Fransadan da üz döndərəcəklər, onun torpaqlarına göz tikəcəklər. Odur ki, ən yaxşısı Fransa hakimiyyəti həqiqətləri dərk etməli və öz dövlətinin gələcəyi barədə düşünməlidir”, - deyə T.Rzayev bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər