Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.
Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu istiqamətində Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən hərbi daşımaların həyata keçirilməsini üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulması adlandıran deputat bunun qəbuledilməz olduğunu bildirib: “Bu cür hallar sərhədboyu ərazidə gərginliyin artmasına səbəb olmaqla yanaşı, həmçinin sülh prosesinin sürətlənməsinə maneə olur. Azərbaycan tərəfi dəfələrlə bəyanatlar verib. Bizdə qeyri-qanuni erməni birləşmələrin fəaliyyəti ilə bağlı kifayət qədər faktlar var və bu videolar sübut kimi ictimaiyyətə təqdim edilir. Ancaq Rusiya sülhməramlıları proseslərin qarşısını almaq əvəzinə bu birləşmələrin qeyri-qanuni silah-sursat daşımasına imkan yaradır. Hətta onların kolonunu müşayiət edir. Bu azmış kimi Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi burada revanşizm meyllərinin artmasından xəbər verir. Bu baxımdan artıq Azərbaycan tərəfi müəyyən addımlar atmalıdır”.
“Hadisələr onu göstərir ki, mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını labüd edir”, - deyə Vüqar İskəndərov vurğulayıb.("AZERTAC")