Vətən müharibəsindən əvvəl bir sıra Qərb ölkələrində dərin türkofobiyanın olduğu Azərbaycan ictimaiyyətinə məlum idi. Bu münasibət özünü Vətən müharibəsindən sonrakı dövrdə də çox bariz şəkildə büruzə verdi. Bu müharibənin nəticələri onu da göstərdi ki, regionumuzda Ermənistandan başqa İran dövlətinin də ideologiyası və xarici siyasətinin əsas ideyası türk və Azərbaycana qarşı düşmənçilik xarakterindədir. İkinci Qarabağ müharibəsindən sonra sabiq İran Prezidenti Həsən Ruhaninin milli məsələlər üzrə müşaviri Əli Yunisiyə jurnalistlər “biz azərbaycanlılarla eyni məzhəbə sahibik, onda nə üçün Azərbaycana deyil, Ermənistana dəstək veririk” sualını verirlər. Cavabında Əli Yunisi bildirir ki, “biz azərbaycanlılarla eyni məzhəbdə olsaq da, ermənilərlə eyni qanı daşıyırıq”. Bu cavab əslində İranın Azərbaycan dövlətinə və ümumiyyətlə, azərbaycanlılara münasibətinin və siyasətinin mahiyyətinin etirafı idi. Bu cavabı hələ guya Azərbaycana nisbətən normal münasibət bəsləyən keçmiş hökumətin nümayəndəsi demişdi. İndi isə İranda radikallar hakimiyyətdədir, yəni əsl mahiyyət ortadadır.
Bu fikirləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov söyləyib.
“Maraqlıdır ki, rəsmi İran özünün mövqeyini guya bölgə dövlətlərinin sərhədlərinin dəyişdirilməsinə etiraz etməsi ilə əsaslandırmağa çalışır. Onda belə sual meydana çıxır ki, nə üçün Azərbaycan torpaqları işğal altında olan müddətdə və Ermənistan sərhədləri dəyişdirməyə çalışarkən İran Ermənistana qarşı sərt mövqe ortaya qoymurdu? Əksinə, İran ərazisi 83 faiz sərhədləri bağlı olan Ermənistan üçün xilas və həyat yolu rolunu oynadı. Birinci və İkinci Qarabağ müharibəsi zamanı İran Ermənistanı strateji məhsullarla və yanacaqla təmin edərək faktiki olaraq Azərbaycana qarşı təcavüzü dəstəklədi. 43 günlük Vətən müharibəsi dövründə İran ərazisindən Ermənistana daşınan silah-sursat və hərbi texnika videoları hər birimizin yaddaşındadır”,- deyə siyasi şərhçi vurğulayıb.
Fuad Çıraqov deyib: “İranın Ali dini rəhbəri Ə. Xamneyi bildirir ki, Zəngəzur dəhlizi İranı guya “minillərlə xarici aləmlə bağlayan yollardan biri olub”. Bunun nə qədər həqiqət olduğu bir kənara qoysaq, İranın Ali dini rəhbərinə, eləcə də özlərini dünyada məzlum müsəlmanların hüquqlarının müdafiəçisi kimi təqdim etməyə çalışan bütün İran klerikallarına verilən sual budur. Vaxtilə Zəngəzurda və indiki Ermənistanın ərazisində müsəlmanların aqibəti necə oldu? Həmin müsəlmanların yüzlərlə müqəddəs yerləri, məscidləri, abidələri, yurdları, evləri və qəbiristanlıqları necə oldu? Zəngəzurdan və indiki Ermənistan adlanan dövlətin digər yerlərindən qovulan insanlar və canlı şahidlər hələ sağdır, həmin insanların vətən həsrətli nalələri və hekayələrini qulaqlarınızı tutmasanız, hələ də eşitmək olar. Eşitdinizmi indiyə qədər onları?
Bu suallara cavablar məlumdur. O da məlumdur ki, İran müstəqil və güclü Azərbaycanın sadəcə adından və mövcudiyyətindən bir kabus kimi qorxur. Çünki müstəqil, qalib və güclü Azərbaycan özünün dövlət modeli ilə indiki İran dövlətin ərazisində yaşayan nəinki milyonlarla azərbaycanlılara, digər türklərə, eləcə də farslara alternativ və nümunə kimi ümidlər verir”.
O əlavə edib ki, həm də İran adlanan dövlət min ildən çox coğrafiyamızda türklərin yaratdığı bütün mədəni və dövlətçilik mirasına sahib çıxmağa çalışır. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin mirasına isterik formada sahib çıxmaq cəhdi də bununla bağlıdır. İrandakı indiki rejim yaxşı anlayır ki, bu mirasın həqiqi sahibi hamıya məlum olanda İran dövləti haqqında yaradılan şişirdilmiş böyük mif bir sabun köpüyü kimi dağılacaq. (AZƏRTAC)