23.12.2024, 20:02
AZ EN
21.03.2023, 13:36 172

Elçin Əmirbəyov: Ermənistan sülh prosesini əngəlləməyi dayandırmalı və danışıqlar masasına qayıtmalıdır

XƏBƏRLƏR
  • Sülh prosesi Azərbaycanla birbaşa danışıqlardan imtina edən və sülh prosesindən yayınmaq üçün istənilən bəhanələrə əl atan Ermənistanın destruktiv mövqeyi ilə əngəllənir.

Bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov “France 24” telekanalına müsahibəsində deyib.

“Azərbaycan Ermənistana beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan sülh sazişi imzalamağı təklif edib. Bu prinsiplərdən birinə ərazi bütövlüyünə, suverenliyə və bir-birinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət daxildir. Ermənistan hakimiyyəti bir neçə aydır ki, KİV-lərin və diasporun imkanları vasitəsilə müxtəlif bəhanələrə əl ataraq beynəlxalq ictimaiyyəti çaşdırır və destruktiv mövqe nümayiş etdirərək sülh prosesinə mane olur”, - deyə E.Əmirbəyov qeyd edib.

O vurğulayıb ki, Azərbaycan sülhün alternativinin olmadığını düşünür. Gec-tez bu iki xalq düşmənçilik səhifəsini çevirməli və beynəlxalq hüquqa hörmət əsasında normal və yaxşı münasibətlər qurmağa çalışmalıdır. Ermənistan üçün belə bəhanələrdən biri isə Laçın yolundakı vəziyyətdir.

E.Əmirbəyov “blokada” sözünün istifadə edilməsi ilə razılaşmadığını qeyd edib: “Laçın yolu Azərbaycan tərəfindən bağlanmayıb. Bu yol Ermənistanın 10 min erməni əsgərinin hələ də yerləşdiyi suveren Azərbaycan ərazisində hərbi potensialının gücləndirilməsi məqsədilə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz silahların, piyada əleyhinə minaların və hərbi personalın daşınması üçün istifadə olunub”.

E.Əmirbəyov deyib ki, bu yolda aksiyaya başlamaq üçün son damla Laçın yolu ilə Azərbaycanın faydalı qazıntılarının və təbii sərvətlərinin sonradan ixrac üçün Ermənistana daha intensiv şəkildə daşınması olub:

“Üçtərəfli bəyanata əsasən, Laçın yolu yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır”.

O, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bu yolda fəaliyyət göstərən yeganə beynəlxalq təşkilat olduğunu əlavə edib: “BQXK Azərbaycan tərəfi ilə sıx əlaqə saxlayır”.

Birinci vitse-prezidentin köməkçisi bildirib ki, Azərbaycan Laçın yolundan qeyri-qanuni məqsədlərdə istifadənin qarşısının alınması üçün hərəkətin şəffaflığının təmin edilməsini tələb edir.

E.Əmirbəyov əlavə edib ki, Azərbaycan fikir ayrılıqlarının aradan qaldırılması və nəhayət sülh sazişinin imzalanması üçün istənilən vasitəçiliyi alqışlamağa hazırdır: “Ermənistanı danışıqlar masasına qayıtmağa, beynəlxalq ictimai rəyi manipulyasiya etməməyə çağırırıq”. (AZƏRTAC)

Oxşar xəbərlər