21.05.2024, 06:18
AZ EN
09.03.2023, 14:43 266

Kamran Bayramov: “Rusiya Cənubi Qafqazda gərginliyin davam etməsində maraqlıdır”

XƏBƏRLƏR
  • “Son günlərdə Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə separatçı-terrorçuların  vəziyyəti gərginləşdirməsi, onu deməyə əsas verir ki, Rusiya iyirminci əsrin əvvəlində olduğu kimi, bu gün də Cənubi Qafqazda öz təsir dairəsini qoruyub saxlamaq üçün bölgədə gərginliyin davam etməsində maraqlıdır. Bu məqsədlə də Rusiya bölgədə xalqlar arasında münaqişə yaratmaq və gərginliyi davam etməsinə çalışır”.

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

O, bildirib ki, 10 noyabr 2020-ci il Üçtərəfli bəyanatın tələblərinə əsasən Rusiya bölgədə davamlı sülhün əldə olunması istiqamətində fəaliyyət göstərməli idi: “Amma biz bunun tam əksinin şahidi olmaqdayıq. Rusiya hərbi kontingenti ötən iki ildən artıq müddətdə bölgədə gərginliyin davam etməsi istiqamətdə təxribatçı fəaliyyəti göstərib. Nəticədə isə bölgədə gərginliyin davam etməsi istiqamətində, istər rus hərbi kontingenitinin müvəqqəti nəzarətində olan ərazilərdəki separatçılar, istərsə də Ermənistan tərəfindən təxribatlara cəhdlər edilib və bu cəhdlər davam etməkdədir. 2023-cü il martın 5-də və ondan sonra baş verənlər də bunun tərkib hissəsidir. Çünki Rusiya bölgədə dayanıqlı sülhün yaranmasında maraqlı deyil. Ona görə də rus hərbi kontingenti terrorçuları himayə etməsi və onlara şərait yaratması nəticəsində bu təxribatlar baş verib. Odur ki, bu hadisələrdə separatçılarla, rus hərbçiləri də məsuliyyət daşıyır”.

Millət vəkilinin dediyinə görə, yaranmış durum Azərbaycanı bir sıra addımlar atmağa vadar edir: “Birincisi, Laçın dəhlizində sərhəd nəzarət-keçid məntəqəsini, ikinsici, Qarabağdakı terrorçu-separatçılara qarşı antiterror əməliyyatını həyata keçirməyi zəruri edir”.

O əlavə edib ki, rus hərbi kontingenti üzərinə düşən missiyanı yerinə yetirmək istiqamətində  real addımlar atmayacağı təqdirdə, o zaman onların Azərbaycan ərazisindəki mövcudluğuna baxılması gündəmə gələ bilər: “Odur ki, rus hərbçiləri 10 noyabr 2020-ci il bəyanatının müddəalarına uyğun olaraq  nəzarətlərində olduğu ərazilərdəki terrorçu-separatçılardan və qanunsuz erməni hərbi birləşmələrinin tör-töküntülərindən təmizləməlidir. Üçüncüsü isə tez bir zamanda davamlı sülhün əldə olunması istiqamətində real addımlar atmalıdır.

Əks təqdirdə Azərbaycan bu missiyanı üzərinə götürüb həyata keçirməyə qadirdir. Azərbaycan ən qısa zamanda Qarabağda yaşayan erməniləri terrorçuların, hərbi canilərin girovluğundan azad edib, normal həyata dönüşünü təmin edə bilər və buna hazırdır. Bunu Xankəndindəki separatçılar da yaxşı bilir”,- deyə millət vəkili vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər