19.10.2024, 18:40
AZ EN
31.01.2023, 08:30 213

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanın dövlət xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyə-tinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub. Məşhur pedaqoq Sultan Məcid Qənizadənin rəhbərlik etdiyi ikinci "rus-müsəlman" məktəbində, sonra Bakı Texniki Məktəbində təhsil alıb. 1902-ci ildə  "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
1917-ci il oktyabrın 26-dan 31-ə qədər 500 nümayəndənin iştirakı ilə Bakıda təntənəli surətdə keçirilən Müsavat Partiyasının birinci qurultayına Məhəmməd Əmin Rəsulzadə Mərkəzi Komitənin sədri seçilib. Bu qurultaydan sonra Bakıda və Azərbaycanın bütün qəzalarında “Azərbaycana muxtariyyət” şüarı altında milli hərəkat başlayıb.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şuranın sədri seçilib.

Bolşeviklərin işğalından sonra vətəni tərk etməyə məcbur olan Məhəmməd Əmin Rəsulzadə ömrünü mühacirətdə başa çatdırıb: Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək əbədiyyətə qovuşub.

Rəhmət və ehtiramla anırıq!

 

Oxşar xəbərlər