09.06.2025, 02:51
AZ EN
11.01.2023, 15:23 403

İndiki Ermənistan ərazisində Azərbaycana məxsus 3500 tarix və mədəniyyət abidəsi yox edilib

XƏBƏRLƏR
  • Ermənistan rəhbərliyi nəinki Qarabağda və ona bitişik ərazilərdə, eləcə də Qərbi Azərbaycanda xalqımızın mədəni irsinə qarşı mədəni soyqırımı həyata keçirib. Ermənistan hakimiyyəti indiki Ermənistan ərazisində məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini silməyə çalışır, xalqımızın mədəni irsini talayır, dağıdır, özününküləşdirir, həmçinin bir çoxunun məzmununu dəyişdirməklə tariximizə və mədəniyyətimizə ciddi zərər vurur.

Bu fikirlər Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, mədəni irsin araşdırılması üzrə ekspert, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun “Zəngəzur abidələri ermənilər tərəfindən kütləvi şəkildə məhv edilir” adlı yazısında yer alıb.

Qeyd olunub ki, bundan başqa, indiki Ermənistanın bütün ərazilərində qədim toponimlər erməni adları ilə əvəzlənib. 1988-ci ildən başlanan etnik təmizləmə nəticəsində yüzlərlə azərbaycanlının əmlakı və mədəni irs nümunələri ermənilər tərəfindən mənimsənilib. İndiki Ermənistan ərazisində Azərbaycana məxsus 3500 tarix və mədəniyyət abidəsi, 500 qəbiristanlıq, 391 məscid ermənilər tərəfindən dağıdılaraq tamamilə yox edilib.

Ermənistanın siyasi rəhbərliyinin göstərişi ilə Zəngəzur vilayətinin Qafan, Mehri, Xot, Şinuayr, Əlidərə inzibati yaşayış məntəqələrində dağıdılmış 900-dən çox tarix və mədəniyyət abidəsinin xarabalıqları bu gün də qalmaqdadır. Bu məntəqələri müşahidə edəndə adama elə gəlir ki, sanki burada cəhənnəmlə cənnətin mübarizəsi gedib. Bu kəndlərdə ermənilər tərəfindən 900-dən çox tarix və mədəniyyət abidəsi - yaşayış evləri, məscidlər, alban dövrü bazilika və sovməələr, bədii daş nümunələri, qəbirüstü abidələr, qəbir daşları, at-qoç fiqurları dağıdılaraq yararsız hala salınıb. Ərazi Azərbaycanın mədəni irs nümunələrindən təmizlənərək vandalizmə məruz qalıb.

Zəngəzur vilayətininin qədim Şinuayr kəndi. Azərbaycan dilində Gülab (ətir qoxulu ərazi) kimi mənalandırılan və ermənilər tərəfindən dəyişdirilərək Şinuayr adlandırılan kənd Qərbi Zəngəzurun Gorus rayonundan 9 kilometr cənubda, Oxçuçayın sol sahilində dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Şinuayr kəndini Qafandan 68 kilometr məsafə ayırır. Sovet dövründə Yelizavetpol quberniyasının tərkibinə verilən Zəngəzur qəzası təbii ki, Şinuayr kəndi ilə birlikdə 1930-cu ildə heç bir əsas olmadan Ermənistan SSR-in tərkibinə qatılıb. Kəndin etnik tərkibi bütün dövrlərdə Azərbaycan türklərindən ibarət olub.

Şinuayrın XVII əsrdə salındığı iddia edilsə də, kəndin ərazisində eramızdan əvvəl I-II minilliyə aid Oğuz-az mədəniyyətinə aid daş nümunələri, at-qoç fiqurları, eləcə də alban dövrü daş sənduqələr, kitabələr, bədii daş nümunələri müşahidə edilməkdədir. Köhnə Şinuayr kəndində XVII-XVIII əsrə aid 300-dən çox yaşayış evi, ictimai binalar və məscid olub.

1988-1990-cı illərdə Ermənistanda baş qaldıran millətçilik və separatizm meyilləri bu kənddən da yan keçməyib. Kəndin azərbaycanlı əhalisi etnik təmizləməyə məruz qalaraq oranı tərk edib. Buradakı bütün yaşayış evləri, tarix və mədəniyyət abidələri dağıdılaraq məhv edilib. Kənddə 300, ətraf ərazilərdə isə 200-ə yaxın tarixi əhəmiyyətli bina və qurğu, bədii daş nümunələri, qəbirlər və qəbirüstü abidələr ermənilər tərəfindən dağıdılaraq yox edilib. (AZƏRTAC)

Oxşar xəbərlər