Yanvarın 28-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, V.Andreyeva Azərbaycanı ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunda sədrliyə başlaması münasibətilə təbrik edərək, sədr qismində ölkəmizin müəyyən etdiyi prioritetləri alqışlayıb və sədrlik dövründə ona uğurlar arzulayıb. O, 2021-ci ilin oktyabrında BMT QAK missiyasının ölkəmizə səfər etməsini məmnunluqla xatırlayaraq, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması məsələsində BMTQAK-ın Azərbaycan hökumətinə dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Ölkəmizin BMT–nin digər ixtisaslaşmış qurumları və fondları ilə əməkdaşlığına toxunan V.Andreyeva BMT-nin Ətraf Mühit Proqramının işğaldan azad olunmuş ərazilərdə biomüxtəliflik və ekosistemlərin bərpasına dəstək göstərməyə hazır olduğunu bildirib. O, 2022-ci ildə qeyd olunacaq Azərbaycanın BMT üzvlüyünə qəbul edilməsinin 30 illiyi ilə əlaqədar il ərzində silsilə tədbirlərin keçirilməsinin planlaşdırıldığı barədə məlumat verib.
Nazir Ceyhun Bayramov ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumuna sədrliyin vacibliyini vurğulayaraq ölkəmizin prioritetlərini təqdim etmək üçün Vyanaya səfər etdiyini və Forum çərçivəsində ATƏT iştirakçı ölkələrinin nümayəndə heyətləri ilə faydalı fikir mübadiləsi apardığını bildirib. Sədrlik dövründə Azərbaycanın bir sıra qlobal çağırışlara diqqət ayıracağını qeyd edib. BMT QAK missiyasının ölkəmizə səfərinin uğurla həyata keçdiyini bildirən nazir, həmçinin BMT-nin digər agentlikləri ilə faydalı əməkdaşlığın mövcud olduğunu ifadə edib.
Azərbaycanın ətraf mühit məsələlərinə böyük önəm verdiyini deyən nazir azad olunmuş ərazilərin yaşıl enerji zonası elan edildiyini xatırladıb və burada bütün layihələrin ətraf mühit məsələlərinə xüsusi diqqət yetirilməklə icra olunduğunu diqqətə çatdırıb.
Azərbaycanın BMT üzvlüyünə qəbul edilməsinin 30 illiyi ilə əlaqədar Azərbaycan hökuməti tərəfindən də bir sıra tədbirlərin keçirilməsinin planlaşdırıldığı vurğulanıb.
Görüşdə, həmçinin miqrasiya, Dayanıqlı İnkişaf Məqsədləri və digər sahələrdə praktiki əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.