22.11.2024, 17:50
AZ EN
25.11.2022, 08:45 396

Eldar İbrahimov: Ölkəmizin bugünkü inkişafının təməlini məhz Heydər Əliyev qoyub

XƏBƏRLƏR
  • Heydər Əliyevin “Azərbaycan xalqının ümummilli lideri” adlandırılması heç də təsadüfi deyil. Lider xalqı arxasınca apara bilən şəxsdir. Anası Heydər Əliyevi dövlət yaratmaq üçün dünyaya gətirmişdi. O, həqiqətən dağılmış məmləkəti yenidən qurdu.

Bu sözləri Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov söyləyib.

Heydər Əliyevlə bağlı xatirələrini bölüşən komissiya sədri diqqətə çatdırıb ki, Ulu Öndər insani keyfiyyətləri və bacarıqları ilə dünyaya sığmayan şəxsiyyət idi. “O, güclü yaddaşa, möhkəm iradəyə, sarsılmaz səbrə malik idi. Ulu Öndər həmişə mənə deyirdi ki, “Eldar, səbirli olmaq lazımdır.

1969-1982-ci illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsini çox yaxşı xatırlayıram. Onun ana dilimizdə çıxışı hələ də qulaqlarımdadır”.

Keçmiş dövrdə əhalinin çox kasıb, yaşayışın çətin olduğunu vurğulayan professor E.İbrahimov Heydər Əliyevin cəsarətli və ağıllı taktikalarla insanların güzəranını dəyişdirdiyini bildirərək deyib: “O, bütün sahələrə diqqət göstərirdi, xüsusilə kənd təsərrüfatına… Heydər Əliyev ilk olaraq pambıqçılığın və üzümçülüyün inkişafına diqqət yetirdi. SSRİ rəhbərliyinə müraciət edərək maliyyə dəstəyi aldı. Daha sonra Azərbaycanda bu sahənin inkişafına nail oldu. Azərbaycan SSRİ-yə daxil olan respublikalar içərisində 2 min ton üzüm istehsalı ilə birinci yerdə qərarlaşdı. Bu gəlirlə də kəndlərimiz, şəhərlərimiz inkişaf etdi”.

E.İbrahimov həmin illərdən söz açarkən bir əhvalatı da bölüşüb: “Naxçıvanda olanda Heydər Əliyevlə söhbət edirdik. Ukraynanın birinci katibi Şerbitski deyib ki, “mənim əhalim 40 milyondan artıqdır. Amma Azərbaycanda 7 milyon insan ola-ola Sosialist Əməyi qəhrəmanlarının sayı bizdəkilərdən daha çoxdur. Ulu öndər Heydər Əliyev buna belə cavab verib: “Mənim xalqım talantlı xalqdır…”. Amma buradakı incə məqam odur ki, xalqın bacarığını məhz Heydər Əliyev üzə çıxarıb”.

İxtisasca kənd təsərrüfatı mühəndisi olan E.İbrahimov deyir ki, Ulu Öndər xaricdə də Azərbaycanı tanıtmağa nail oldu. Bugünkü inkişafımızın təməlini məhz Heydər Əliyev qoyub.

1982-ci ildə onu Moskvaya dəvət edəndə ən ağır sahələr ona tapşırıldı…Məsələn, Baykal-Amur magistralının tikintisi illərdir başa çatdırıla bilmirdi. Heydər Əliyev tez bir zamanda bunun öhdəsindən gəldi.

Komissiya sədri xalqı xalq edən şəxsiyyətin qarşılaşdığı çətin anlardan da söhbət açıb: “Azərbaycanı yaradan insana 14 il ev verilmədi. O, 1990-cı ilin iyulunda Naxçıvana geri döndü. Dahi şəxsiyyətə qarşı təqiblər və təzyiqlər var idi. Heydər Əliyevlə görüşmək böyük risk idi. Bütün bunlara baxmayaraq, ona olan hörmət, məhəbbət və bir yurdun övladı olmağımız onunla görüşümə mane olmadı. Nəhayət, görüşdük… Mənə dedi ki, Eldar, qorxmadın ki, səni vəzifəndən azad edərlər?!”. Cavabım belə oldu: “Vəzifədən qorxub gəlməyə bilməzdim. Mən də naxçıvanlıyam, qeyrətim yol verməz ki, sizin görüşünüzə gəlməyim. Gəlirəm, həmişə də gələcəyəm”.

Elə o vaxtdan Heydər Əliyevlə çox səmimi münasibətlərinin yarandığını söyləyən deputat sonrakı dövrlərdə dostluq bağlarının necə möhkəmləndiyi barədə də danışıb. O deyib: “1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə deputat seçkiləri zamanı Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən, mən də həmin rayonun Cəhri seçki dairəsindən deputat seçildik.

Heydər Əliyevlə Ali Sovetin sessiyalarında bir yerdə otururduq. Belə tədbirlərin birində Ulu Öndər mənə dedi: “Eldar sən mənim dostumsan…”.

Ulu Öndərlə yaxın dost olduqları üçün Eldar İbrahimovun müəyyən səlahiyyətləri əlindən alınsa da, o, Vətən oğluna üz çevirmir. Xalq Cəbhəsinin üzvləri parlamentdə, Milli Şurada biri-biriləri ilə qeyri-etik formada danışırdılar. “Öz-özümə deyirdim ki, görəsən, bu xalqın axırı necə olacaq? Ali Sovetin sessiyasında ürəyimin hökmünü dinlədim. O sessiyada mən ürəyimin hökmü ilə üçüncü mikrofonla Heydər Əliyevin namizədliyin irəli sürdüm. Dedim ki, demokratiyadan danışırıqsa, böyük siyasətçi Heydər Əliyevin namizədliyini irəli sürürəm. Mənim təklifimi müdafiə edənlər də oldu. Belə qərara aldıq ki, Naxçıvana zəng vuraq, Heydər Əliyevin özü ilə danışaq. Ancaq bütün Azərbaycan xalqı bilir ki, cəbhəçilər telefon əlaqəsini qırdılar. Biz Heydərlə danışa bilmədik…

1992-ci il mayın 18-də Heydər Əliyevin Ali Sovetin sədri seçilməsinin qarşısı alınsa da, E.İbrahimov onunla danışaraq yeni ideya irəli sürür. Heydər Əliyev bu fikrə bir az tərəddüd etsə də, dostuna inanır. “Ona dedim ki, sizin rəhbərliyinizlə partiya yaratmalıyıq. Partiya yaratmasaq, heç nə mümkün deyil… Güldü…Dedi ki, ay Eldar, nə danışırsan? Heç burada qoymurlar oturmağa, deyirsən Bakıya gedim? Dedi ki, başqa yolumuz yoxdur, xalq onlara - Xalq Cəbhəsinə inanır, bir az səbir edək”, - deyə deputat bildirib.

Daha sonra partiya yaratmaq üçün 91 nəfərin Heydər Əliyevə müraciət etdiyini, onu həmişəlik xalqın Heydəri olmağa çağırdığını xatırladan E.İbrahimov deyib: “Partiyanın adını elə özü seçdi. Dedi ki, yeni Azərbaycan dövləti yaradacağıq… Böyük qürur hissi ilə söyləyirəm ki, Yeni Azərbaycan Partiyasının yaradılmasında mənim də özünəməxsus xidmətlərim oldu”.

Dövlətimizin müstəqilliyini Heydər Əliyev qorusa da, onun layiqli davamçısı İlham Əliyev bu müstəqilliyin əbədiliyini təmin etdi. “Ulu Öndərin davamçısı bizləri qalib ölkənin vətəndaşı etdi. 30 il işğal altında qalan torpaqlarımızı 44 gündə azad etdi. Bu da atasından ona miras qalan müdrikliyin göstəricisidir. 2023-cü ilin məhz “Heydər Əliyev İli” elan edilməsi təqdirəlayiqdir. Çünki gənc nəsillər bu dahi şəxsiyyəti daha da yaxşı tanımalı, onu tariximizin ən parlaq siması kimi yaşatmalıdırlar. Böyük qürur hissi duyuram ki, İlham Əliyevin hakimiyyəti dövründə də güclü Azərbaycanın vətəndaşıyam”, - deyə Eldar İbrahimov fikirlərini yekunlaşdırıb. (AZƏRTAC)

Oxşar xəbərlər