Səfirlikdən verilən məlumata görə, səfər çərçivəsində fevralın 19-da kral sarayında xarici işlər və beynəlxalq əməkdaşlıq naziri xanım Folile Şakantu ilə H.Rəhimli arasında görüş keçirilib. Söhbət zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.
Sonra Esvatini Kralı Əlahəzrət III Msvati H.Rəhimlini qəbul edib. Görüş zamanı III Msvati Azərbaycanın dövlət başçısına öz səmimi salamlarını çatdıraraq, Esvatini Kralı ilə Azərbaycan Prezidenti arasında yaranan xoş və səmimi münasibətləri xüsusi vurğulayıb və bu dostluq əlaqələrindən məmnunluq duyduğunu diqqətə çatdırıb. Kral Azərbaycanda keçirilməsi nəzərdə tutulan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edəcəyini bildirib. İkitərəfli münasibətlərin inkişafı mövzusuna toxunan III Msvati Esvatini tərəfinin Azərbaycanla ticari-iqtisadi (enerji, nəqliyyat, sərmayə yatırımı və s.) əlaqələrin genişləndirilməsi, habelə dağ-mədən sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi, o cümlədən sözügedən sahənin inkişafı üçün Azərbaycan investisiyalarının cəlbində maraqlı olduğunu bildirib.
H.Rəhimli ölkəmizdə aparılan hüquqi və iqtisadi islahatlar sahəsində qazanılmış nailiyyətlərdən söz açaraq, 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Qələbəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan genişmiqyaslı bərpa-quruculuq, habelə müasir sosial-mədəni infrastruktur, eləcə də kommunikasiya və nəqliyyat xətlərinin bərpası istiqamətində görülən işlər haqqında məlumat verib. Eyni zamanda, minalanmış ərazilər probleminin ən ciddi problemlərdən biri olduğu diqqətə çatdırılıb.
Görüş zamanı vurğulanıb ki, hər iki ölkənin Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq qurumlar çərçivəsində sıx əməkdaşlığı dövlətlərimiz üçün mühüm əhəmiyyət daşıyan məsələlərdə mövqelərin qarşılıqlı dəstəklənməsinin bariz nümunəsidir. Bundan əlavə, H.Rəhimli Azərbaycanın təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” və DOST kimi nümunəvi dövlət xidmətlərinin təcrübəsindən istifadə olunmaqla Afrika ölkələrində dövlət sektorunda xidmətlərin təkmilləşdirilməsinə dəstək göstərildiyini diqqətə çatdırıb. O, eyni zamanda, “ASAN xidmət” konsepsiyasının Esvatini Krallığında da tətbiqi imkanlarının nəzərdən keçirilməsini təklif edib. III Msvati isə sözügedən xidmət mərkəzlərinin ölkəsində yaradılmasına maraq göstərdiyini bildirib.
Fevralın 20-də H.Rəhimli Esvatini Krallığının Parlamentinin açılış mərasimində iştirak edib. Tədbirdən sonra Parlamentin sədri Jabulani Mabuza ilə keçirilən görüş zamanı əməkdaşlıq gündəliyinin inkişafında parlament diplomatiyasının həyata keçirilməsinin əhəmiyyətli rol oynaya biləcəyi xüsusi qeyd edilib. H.Rəhimli hazırda Milli Məclisin sədrinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri olduğunu bildirərək, qeyd olunan istiqamət üzrə də əməkdaşlıq etmək üçün imkanların mövcudluğunu diqqətə çatdırıb. (AZERTAC)